Yuxarı

"Xalq Bank" fond bazarında fəaliyyətini bərpa edir

Bankı bazarda Xalq Kapital İnvestisiya Şirkəti təmsil edəcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Xalq Bank" ASC-nin təsisçisi olduğu "Xalq Kapital" MMC adını və təşkilati-hüquqi formasını dəyişib. Bu barədə "Report"a Şirkətin direktoru Tural Bayramov məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq yenidən qurulub və "Xalq Kapital İnvestisiya Şirkəti" QSC kimi fond bazarında fəaliyyətini bərpa etməyə hazırlaşır.

Yeni şirkətin nizamnamə kapitalı 420 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 210 min səhm əsasında formalaşıb. Səhmlər 100% "Xalq Bank"a məxsusdur. Xatırladaq ki, yenilənmədən əvvəl "Xalq Kapital"ın nizamnamə kapitalı 210 min manat olub. Başqa sözlə, şirkətin kapitalı 2 dəfə artırılıb. Bu, ona həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərməyə imkan verəcək.

Qeyd edək ki, ötən ilin sonuna yaxın təsdiq olunmuş “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin nizamnamə kapitalının minimum miqdarı və onun formalaşdırılması haqqında Qaydalar”a əsasən, investisiya şirkətləri yardımçı xidmətlər üçün minimum 75 min manat, əsas xidmətlər üçün isə minimum 300 min manat nizamnamə kapitalına malik olmalıdır.

T.Bayramov onu da bildirib ki, "Xalq Kapital İnvestisiya Şirkəti" dövlət qeydiyyatı ilə bağlı prosedurları başa çatdırandan sonra lisenziya üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edəcək. 

Hazırda Azərbaycanda 6 şirkət - "Kapital Menecment İnvestisiya Şirkəti" ASC, "Unicapital İnvestisiya Şirkəti" ASC, "İnvest-Az İnvestisiya Şirkəti" QSC, "PSG Kapital İnvestisiya Şirkəti" QSC, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC və "AzFinance İnvestisiya Şirkəti" QSC fond bazarında fəaliyyət göstərmək üçün lisenziyaya malikdir. Yaxın vaxtlarda "Dəmirbank" ASC-nin təsisçisi olduğu "Dəmir İnvestisiya Şirkəti" QSC-nin də lisenziya alacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi