"VTB Bank Azərbaycan"ın rəhbəri: "Əmanətlərin sığortalanması ilə məbləğə hədd qoyulmasının vaxtı çatıb"

"VTB Bank Azərbaycan"ın rəhbəri: "Əmanətlərin sığortalanması ilə məbləğə hədd qoyulmasının vaxtı çatıb" "Azərbaycanda əmanətlərin sığortalanması sistemi antiböhran rolunu uğurla oynayıb və indi sığortalanan əmanətlərin miqdarına əvvəlki kimi yuxarı həddin tətbiq edilməsinin vaxtı çatıb".
Maliyyə
19 Dekabr , 2019 16:18
VTB Bank Azərbaycanın rəhbəri: Əmanətlərin sığortalanması ilə məbləğə hədd qoyulmasının vaxtı çatıb

"Azərbaycanda əmanətlərin sığortalanması sistemi antiböhran rolunu uğurla oynayıb və indi sığortalanan əmanətlərin miqdarına əvvəlki kimi yuxarı həddin tətbiq edilməsinin vaxtı çatıb".

"Report" xəbər verir ki, bunu "VTB Bank Azərbaycan"ın İdarə heyətinin sədri Yevgeni Kirin deyib.

"Bu gün əhalinin əksəriyyətində əmanətlərin orta məbləği 30-40 min manatı keçmir. Statistika bu sığortanın ölkədə əmanətlərin üstünlük təşkil edən faizini əhatə edəcəyini təsdiqləyir. Hazırda faiz dərəcələrində məhdudiyyətlər tətbiq olunur və manat əmanətləri üzrə maksimal hədd 10%-dir. Fikrimcə, bu, yüksək dərəcədir və biz bunu süni şəkildə saxlayırıq, çünki sərmayəçi zəmanətli gəlir olduğunu bilərək heç bir şey düşünmədən istənilən məbləği depozitə qoyur. Belə faiz dərəcəsi ilə kommersiya ipotekasını (faiz dərəcəsi baxımından) dövlət proqramı çərçivəsində verilən ipoteka ilə rəqabətqabiliyyətli etmək mümkün deyil. Buna görə də prioritetləri - bizə 30-40 min manatdan çox olan pulu qorumaq, yoxsa ipotekanı əlverişli etmək lazım gəldiyini müəyyənləşdirməliyik", - Y.Kirin bildirib.

Bununla yanaşı, o, sahibkarların və şirkətlərin əmanətlərinin sığortalanmasını məqsədəuyğun hesab etmir: "Əhali, məsələn, hansısa şirkətin əməkdaşı iqtisadiyyat və maliyyə məsələlərini dərindən bilməyə bilər, ona görə də o, əmanət qoymaq istəyirsə, bu prosesi sadələşdirmək, üstəlik, onun bu pulu eyni şərtlərlə geri qaytara biləcəyinə zəmanət vermək lazımdır. Sahibkarlar haqqında danışırıqsa, onların iqtisadiyyatdan başı çıxır, ona görə də onlara vəsait yatırarkən riskləri qiymətləndirməmələrini söyləmək düzgün deyil. Gəlirliliyə zəmanət versəniz, bu, onları rahatlaşdırar və dövlətin zəmanətini bilərək risk qiymətləndirməsinin azalmasına səbəb olar".

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 15%-dən 10%-ə, xarici valyutada isə 3%-dən 2,5%-ə endirib. 

Son xəbərlər

Orphus sistemi