Yuxarı

​Vergilər Nazirliyi marketlərdə aparılan yoxlamalara aydınlıq gətirib

“Bu tipli yoxlamalar Vergi Məcəlləsinə uyğun aparılır”

Bakı. 20 aprel. REPORT.AZ/ “Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronometraj müşahidəsi təyin edilib. Bunu “Report”un sorğusuna cavab olaraq Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən bildiriblər.

Qurumun açıqlamasına görə, bu tipli yoxlamalar Vergi Məcəlləsinə uyğun aparılır:

“Məlum olduğu kimi, Vergi Məcəlləsində xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanlarının hüquqlarına aid edilib. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla, vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə mütəmadı olaraq aparılır və bu zaman onların normal fəaliyyəti üçün heç bir maneə yaratmır”.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Vergilər Nazirliyi “Neptun” və “Grand” marketlər şəbəkəsində vergi yoxlamalarına başlayıb.

Xatırladaq ki, ötən gün "Rahat", "Bizim", “Fresko”, "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi