Yuxarı

Vergilər Nazirliyi bağlanan bankların vergi borclarını açıqlayıb

Lisenziyası ləğv olunmuş kommersiya banklarından yalnız Zaminbank ASC-nin vergi borcu var

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanda bu ay ərzində lizensiyası ləğv olunan dörd kommersiya bankından yalnız birinin dövlət büdcəsinə vergi borcu var. 

Bu barədə "Report"a Vergilər Nazirliyindən məlumat verilib.

"Lisenziyası ləğv olunmuş banklardan yalnız “Zaminbank” ASC-nin 457,34 manat vergi borcu var. Digər banklar - "Parabank", "Dekabank" və "Kredobank" ASC-lərin isə dövlət büdcəsinə vergi borcu yoxdur", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin bank lisenziyaları ləğv edilib. Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edib.

“Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq, “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə avqustun 1-dən başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi