Yuxarı
    Bağlamaq

    Vergi orqanlarına işə qəbul olunmuş kadrlarla görüş keçirilib

    Görüş vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanovun iştirakı ilə baş tutub

    Bakı. 23 may. REPORT.AZ/ Bu gün Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib. 

    Bu barədə "Report"a nazirlikdən bildirilib. 

    Məlumatda deyilir ki, vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanov gəncləri təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb, insan resurslarının idarə olunmasının təmsil etdiyi qurumda daim diqqət mərkəzində saxlandığını vurğulayıb. Onun sözlərinə görə, nazirlik Azərbaycanda işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanlarındandır və apardığı kadr siyasəti sahəsində uğurlarından biri də işə qəbul sisteminin tamamilə şəffaflaşdırılmasıdır. 

    S.Məmmədxanov qeyd edib ki, 2005-ci ildən başlayaraq dövlət vergi orqanlarına işə qəbul test üsulu və müsabiqə yolu ilə keçirilməkdədir. Namizədlərin sənədlərinin qəbulu 2008-ci ildən elektron formada - internet vasitəsilə həyata keçirilir, informasiya texnologiyalarından geniş istifadə şəffaflığın artırılması və vətəndaşların rahatlığının təmin olunması ilə yanaşı, rayonlarda yaşayan gənclərin paytaxta gəlmədən sənədlərini təqdim etməsinə şərait yaradıb.

    Ümumilikdə, vergi orqanlarına işə qəbulla əlaqədar 2005-2017-ci illərdə 12 müsabiqə keçirilib, imtahanlarda 14000 nəfərdən çox namizəd iştirak edib. Müsabiqəni müvəfəqiyyətlə başa buran 1 258 nəfər şəxs vergi orqanlarında işlə təmin edilib ki, bu da hazırda vergi orqanlarında xidmət edənlərin 53,5%-ni təşkil edir. İşə qəbulun müsabiqə əsasında təşkili nəticəsində vergi orqanlarında gəncləşmənin təmin edildiyini bildirən nazir müavini, hazırda vergi orqanlarında kadr potensialının mühüm hissəsini gənc və orta yaş qruplarından ibarət olduğunu vurğulayıb. Vergi orqanlarında xidmət keçən vəzifəli şəxslərin təxminən 47,3%-ni yaşı 35-dən az olan şəxslər təşkil edir. Rəhbər vəzifəli şəxslərə münasibətdə bu rəqəm 32,2%-dir.

    S.Məmmədxanov bu il dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak üçün 4 976 nəfər şəxsin müraciət etdiyini, onlardan 92 nəfəri test mərhələsində, 83 nəfəri isə müsahibə mərhələsində uğur qazanaraq vergi xidməti orqanlarında işlə təmin olunmaq imkanı əldə etdiyini bildirib. O, xüsusi vurğulayıb ki, indiyədək keçirilmiş müsabiqələr içərisində həm müraciət edənlərin, həm də namizəd kimi qeydə alınanların sayı baxımından ən yüksək göstərici məhz bu müsabiqələrdə müşahidə edilib. O, hər bir namizədlə fərdi qaydada müsahibə aparıldığını, onların bilik və bacarıqlarının, ümumi dünyagörüşü və təhlil apara bilmək qabiliyyətlərinin yoxlanıldığını xüsusi vurğulayıb.

    Bu ildə keçirilmiş son 2 müsabiqədə daha çox regionlarda yaşayan gənclərin kadr potensialına daxil edilməsinə önəm verildiyini diqqətə çatdıran nazir müavini vakant vəzifələrə təyin edilən 58 nəfərin əksəriyyətinin regionlardan olduğunu deyib.

    Vergi orqanlarının fəaliyyətinin xüsusiyyətlərindən söz açan S.Məmmədxanov VN-də kadrların peşə hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə insan resurslarının inkişafı konsepsiyasının uğurla həyata keçirildiyi, bilik və bacarıqlarını artırmaq üçün onlara hər cür şərait yaradıldığı barədə də gələcək vergi orqanı əməkdaşlarına ətraflı məlumat verib. O, iştirakçıların diqqətinə çatdırıb ki, vergi işçilərinin peşəkarlığının artırılması məqsədilə Avro­pa İttifaqının Qonşu­luq Siyasəti çərçivəsində «İnsan resurslarının inkişafı sahə­sində Azərbay­can Respublikasının Vergilər Nazirliyinə dəstək» adlı Tvinninq layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində Fransa və İspaniyanın təcrübəsi geniş öyrənilib, bir sıra mühüm sahələrdə təlimçi kadrlar hazırlanıb, yeni təlim metodları tətbiq edilib. Nazirliyin hazırda insan resurslarının idarə edilməsində ümumi yanaşmadan fərdi yanaşmaya, “bilikləri” qiymətləndirməkdən “bacarıqları” qiymətləndirməyə keçdiyini söyləyən nazir müavini əsas hədəfin təcrübəli kadr potensialının daim gücləndirilməsi və peşəkar işçi ordusunun formalaşmasına yönəldiyini bəyan edib.

    Tədbirin sonunda yeni işə təyin olunmuş əməkdaşlara xidməti vəsiqələr təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi