Yuxarı

Vergilər Nazirliyinə müraciətlər çoxalıb

Vergi ödəyicilərinə 118 min mesaj xidməti göstərilib

Bakı. 7 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 24 644 və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7% çox zəng daxil olub.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, canlı əlaqə zamanı 26 037 müraciət cavablandırılıb ki, onların da 38%-i Vergi Məcəlləsi (vergi nəzarəti tədbirləri, şəxsi hesab vərəqəsi, vergi orqanlarının fəaliyyəti, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri, vergi agenti və s.), 20,2%-i Vergilər Nazirliyinin səlahiyyətlərində olan, lakin Vergi Məcəlləsi ilə tənzimlənməyən məsələlər (nazirliyin internet səhifələri, elektron xidmətlərin proqram təminatları, elektron imza, əmək müqavilələri, işə qəbul və s.), 19%-i gəlir vergisinin, 13,4%-i sadələşdirilmiş verginin hesablanması, ödənilməsi və bəyannamənin təqdim edilməsi, qalanları digər vergilər barədə olub.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən 2 772 dəfə vergi borcu, 1 638 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib. Vergi ödəyicilərinə 117 805, o cümlədən 115 323 qısa, 2 482 ikitərəfli mesaj xidməti göstərilib.

Yanvar ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 387 264 daxilolma qeydə alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi