Yuxarı
    Bağlamaq

    ​Vergi əməkdaşlarının sertifikatlaşdırılması aparılır

    Yaxın zamanlarda yeni sertifikatlaşdırma təlimlərinə başlanacaq

    Bakı. 23 iyun. REPORT. AZ/ Vergilər Nazirliyində dövlət vergi orqanlarının vəzifəli şəxsləri, habelə dövlət vergi orqanlarına staj və sınaq müddətinə işə qəbul olunmuş şəxslərin fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının sertifikatlaşdırılması prosesinə başlanılıb. Bu barədə “Report”a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

    Məlumatda deyilir ki, məqsəd dövlət vergi orqanlarında çalışan əməkdaşların müvafiq fəaliyyət sahələri üzrə bilik və bacarıqlarının qiymətləndirilməsidir.

    Sertifikatlaşdırma məcburi və könüllülük prinsipləri əsasında həyata keçirilir. Əməkdaşların hazırda çalışdıqları fəaliyyət sahəsi üzrə sertifikatlaşdırma məcburi, digər fəaliyyət sahələri üzrə isə könüllüdür. Sertifikatlaşdırma prosesində əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün iki mərhələdə təlimlər aparılır. 

    İlk mərhələdə "Vergi qanunvericiliyi" bloku üzrə təlimlər Vergilər Nazirliyinin elektron kitabxanasının “Onlayn təlim” sistemi vasitəsilə distant formada iş yerindən ayrılmadan, ikinci mərhələdə isə "Vergi inzibatçılığı" bloku üzrə təlimlər əyani formada nazirliyin Tədris Mərkəzində təşkil edilir.

    Hər bir təlim blokunun sonunda bilik və bacarıqların qiymətləndirilməsi üçün imtahan keçirilir. Təlimin I mərhələsi üzrə imtahan nəticəsi 70%-dən aşağı olan şəxslər II mərhələyə buraxılmır və növbəti 10 gün ərzində təkrar imtahan vermək üçün onlara imkan yaradılır. II mərhələdə 70%-dən aşağı nəticə göstərən şəxslərə 1 ay vaxt verilir və təkrar imtahanda iştirak etmək üçün onlara daha bir imkan yaradılır. İmtahanların yekun nəticəsinə görə sertifikatın növü müəyyən edilir. 

    Qaydalara əsasən, imtahanların yekun nəticəsinə görə 91-100% nəticə göstərmiş əməkdaşa I dərəcəli, 81-90% nəticə göstərmiş əməkdaşa II dərəcəli, 70-80% nəticə göstərmiş əməkdaşa isə III dərəcəli sertifikat verilir.

    Məcburi sertifikatlaşdırmada iştirak edərək imtahanın nəticələrinə görə sertifikat ala bilməyən əməkdaşlar barədə isə mövcud qaydalara uyğun olaraq, Vergilər Nazirliyinin Attestasiya Komissiyası və Nazirliyin rəhbərliyi tərəfindən müvafiq qərar qəbul edilir.

    May ayından başlayaraq, “Operativ vergi nəzarəti”, “Vergi ödəyicilərinin uçotu və qeydiyyatı” və “Vergi borclarının alınması” sahələri üzrə sertifikasiya təlimlərinə start verilib və fəaliyyət sahələri üzrə test üsulu ilə imtahanlar keçirilib. “Vergi ödəyicilərinin uçotu” fəaliyyət sahəsi üzrə 7, “Operativ vergi nəzarəti” fəaliyyət sahəsi üzrə 26, “Vergi ödəyicilərinin qeydiyyatı” fəaliyyət sahəsi üzrə isə 9 əməkdaş yekun imtahan nəticələrinə görə sertifikat əldə edib. Onlardan 17 nəfəri I dərəcəli, 21 nəfəri II dərəcəli, 4 nəfəri isə III dərəcəli sertifikata layiq görülüb.

    Yaxın zamanlarda digər fəaliyyət sahələri üzrə sertifikatlaşdırma təlimlərinə başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi