Yuxarı

​Vergi Apellyasiya Şurasının iclasında növbəti şikayətə baxılıb

Bakıda mənzilini satan şəxs kameral qaydada hesablanmış verginin ləğv olunmasını xahiş edib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Vergi Apellyasiya Şurasında fiziki şəxs Tofiq Qaçay oğlu Rüstəmovun gəlir vergisi üzrə kameral qaydada hesablanmış əlavə verginin ləğv edilməsi barədə təkrar şikayətinə baxılıb. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, T.Rüstəmov Vergilər Nazirliyinə ünvanladığı şikayətində Bakı Vergilər Departamenti tərəfindən ona məxsus mənzilin satılması ilə əlaqədar gəlir vergisi hesablandığını bildirib və bu qərarı düzgün hesab etməyərək kameral qaydada hesablanmış verginin ləğv olunmasını xahiş edib.

Vergi Apellyasiya Şurasının iclasında vergi ödəyicisinin təkrar şikayətinə onun səlahiyyətli nümayəndəsi Ənnağa Əbdül oğlu Məmmədlinin iştirakı ilə baxılıb.

Aparılmış araşdırma zamanı məlum olub ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs T.Rüstəmov 21 fevral 2013-cü il tarixdə 78 370 manata əldə etdiyi mənzili həmin ilin oktyabr ayının 31-də 117 675 manata satıb, lakin 2013-cü ilin müvafiq dövrü üzrə vergi bəyannaməsini vergi orqanlarına təqdim etməyıb.

Hesabat dövrü üzrə vergilərin hesablanmasında kənarlaşma yarandığından Bakı Vergilər Departamenti tərəfindən vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilib. Uyğunsuzluq məktubunda göstərilən müddət ərzində vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat məktubu və ya vergi bəyannaməsi təqdim edilmədiyindən Departament tərəfindən müvafiq vergi hesablanaraq müvafiq qərar vergi ödəyicisinə göndərilib.

T.Rüstəmovun vergi orqanı tərəfindən hesablanmış əlavə vergi məbləğinin ləğv edilməsi barədə şikayətləri Bakı Vergilər Departamenti və Vergilər Nazirliyi tərəfindən təmin edilməyib.

Apellyasiya Şurasında aparılmış araşdırmalara əsasən, vergi ödəyicisinin təkrar şikayətində və vergi orqanına təqdim edilən izahatında, həmçinin Şuranın iclasında öz mövqeyini sübut etmək üçün heç bir tutarlı əsas gətirmədiyi, notariat kontorundan əldə edilən məlumatlara əsasən alqı-satqı sənədində rəsmi olaraq daşınmaz əmlakın 78 370 manata alındığı, həmin əmlakın 117 675 manata təqdim edildiyi, mənzili alarkən 22 000 manat beh olaraq verməsi ilə bağlı hər hansı təsdiqedici sənədlərin araşdırmaya təqdim edilmədiyi, habelə vergi ödəyicisi tərəfindən əldə edilmiş bu cür gəlirin Vergi Məcəlləsinin 99.3.6-cı maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərə aid olduğu təsdiqlənib.

Apellyasiya Şurası vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin tələblərinin pozulması hallarına yol verilmədiyi, kameral vergi məbləğinin düzgün hesablandığı, vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən halların olmadığını müəyyən edib.

İşin faktiki halları, toplanmış materiallar, gətirilmiş dəlillər əsas götürülməklə və qanunvericiliyin tələbləri rəhbər tutulmaqla Vergi Apellyasiya Şurası T.Rüstəmovun təkrar şikayətinin təmin edilməməsi haqqında qərar çıxarıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi