​TADAT təşkilatı Vergilər Nazirliyində seminar keçirir

​TADAT təşkilatı Vergilər Nazirliyində seminar keçirir Seminar aprelin 2-dək davam edəcək
Maliyyə
19 Aprel , 2016 14:44
​TADAT təşkilatı Vergilər Nazirliyində seminar keçirir

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycanda Vergi İnzibatçılığının Diaqnostik Qiymətləndirmə Aləti – TADAT-ın təkilatçılığı ilə Vergilər Nazirliyində seminar keçirilir. Bu barədə “Report”a nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, seminarın keçirilməsində məqsəd vergi inzibatçılığının qiymətləndirilməsində istifadə olunan meyarlar haqqında daha ətraflı məlumatın əldə olunmasıdır.

Ötən ilin dekabr ayında Vergilər Nazirliyinin nümayəndə heyəti Avropa Komissiyasının (TAIEX) təşkilatçılığı ilə “Vergi ödəyicilərinin könüllü əməletməsi” mövzusunda İspaniya Vergi Agentliyində işgüzar səfərdə olarkən həmin ölkənin vergi sistemi, könüllü əməletmə səviyyəsinin ölçülməsi metodları, könüllü əməletmənin stimullaşdırılması, vergi ödəyicilərinin seqmentasiyası, vergi ödəyicilərinin seqmentlərinə görə riskin qiymətləndirmə metodları və tədbirləri, bəyannamələrin əvvəlcədən doldurulması sistemi, məlumat bazası və məlumatın təhlili alətləri, planlaşdırma və nəticələrin ölçülməsi, insan resurslarının idarəedilməsi və işçilərin stimullaşdırılması və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Seminarın ilk günü təlimçilər – ABŞ-ın Vaşinqton şəhərində yerləşən TADAT Katibliyinin rəhbəri Castin Zeyk, texniki yardım məsləhətçiləri Munaver Kvaja və xanım İrina Koripatkina təlimdə iştirak edən vergi əməkdaşlarına TADAT haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Vergi İnzibatçılığının Diaqnostik Qiymətləndirmə Aləti ölkələrin vergi inzibatçılığının əsas komponentlərinin obyektiv qiymətləndirilməsi məqsədilə yaradılıb. Bu gün TADAT metodologiyasından inkişaf etmiş və inkişafda olan ölkələrin vergi orqanları istifadə edir. TADAT alətini maliyyələşdirən əsas tərəfdaş təşkilatlar Avropa Komissiyası, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Böyük Britaniya, Almaniya, Yaponiya, Niderland, İsveçrə, Norveç hökumətlərinin müvafiq qurumlarıdır. Çıxışçıların tədimatlarında TADAT qiymətləndirməsinin üstünlükləri barədə geniş məlumat verilib.

Qeyd edək ki, seminar aprelin 18-21-də keçirilir.

Son xəbərlər

Orphus sistemi