Yuxarı
    Bağlamaq

    SOCAR istiqrazlarının sahiblərinə daha 1,25 mln. dollar faiz ödəniləcək

    Bu, sayca 3-cü faiz ödənişi olacaq

    Bakı. 3 iyul. REPORT.AZ/ İyulun 17-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarına görə növbəti faiz ödənişi həyata keçiriləcək.

    “SOCAR Capital” MMC-dən “Report”a verilən məlumata görə, həmin gün istiqraz sahibləri hər istiqraza görə 12,5 ABŞ dolları, ümumilikdə isə 1,25 mln. dollar gəlir əldə edəcək.

    Qeyd edək ki, bu, SOCAR istiqrazları üzrə sayca 3-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri bu il yanvarın 17-də və aprelin 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyə qədər 2,5 milyon dollar qazanıblar.

    Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan, faizləri 3 aydan bir ödənilən SOCAR istiqrazlarının illik gəlirliliyi 5%-dir. Ümumilikdə istiqraz sahiblərinə ildə 5 milyon dollar ödənilir.

    İstiqrazlar dollarla satıldığına görə, bütün faiz ödənişləri də dollarda həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürülür və onlar bu pulları istədikləri kimi istifadə edə bilirlər.

    SOCAR İstiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında, əhali tərəfindən ən çox alınan qiymətli kağız sayılır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanətinin və yüksək likvidliyinin olmasıdır. Nəticədə, istiqrazların qiyməti nominal dəyərindən (1000 dollar) heç vaxt aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu xüsusiyyətinə görə artıq özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.

    SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və yaxud *1999 qaynar xəttinə müraciət etmək lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi