SOCAR istiqrazlarına tələbat kəskin artıb

SOCAR istiqrazlarına tələbat kəskin artıb Buna səbəb qiymətli kağızlara görə növbəti faiz ödənişinin yaxınlaşmasıdır
Maliyyə
8 İyul , 2017 11:43
SOCAR istiqrazlarına tələbat kəskin artıb

Bakı. 8 iyul. REPORT.AZ/ Qiymətli kağızlar bazarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarına tələbat kəskin artıb.

Bu barədə “Report” istiqrazların təkrar bazarı üzrə market-meyker olan “PSG Kapital” investisiya şirkətinə istinadən xəbər verir.

Məlumata görə, son günlər fiziki və hüquqi şəxslər tərəfindən istiqraz almaq üçün müraciətlərin sayı artmaqdadır. Verilən sifarişlərin həcmi müxtəlifdir. Bəzi fiziki şəxslər 2-3 istiqraz almaq istədikləri halda, bəzi sifarişlərin həcmi 100-200 civarındadır. Son günlər xüsusilə hüquqi şəxslərin istiqrazlara marağının artması müşahidə olunur. Bu aktivlik nəticəsində istiqrazların təkrar bazarda dövriyyəsinin başlandığı 2016-cı ilin oktyabr ayından indiyə qədər SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 85 mln. ABŞ dollarına çatıb.

İstiqrazlara tələbatın artması onların qiymətinə də təsir edib. Son aylar bu növ qiymətli kağızlar davamlı şəkildə bahalaşır və hazırda təkrar bazarda istiqrazların alış qiyməti 1010 dollar, satış qiyməti isə 1013-1014 dollardır.

Fond bazarı üzrə ekspertlər bildirir ki, istiqrazlara tələbatın daha da artması həm onların etibarlı və gəlirli maliyyə aləti kimi tanınması, həm də qarşıdan gələn növbəti faiz ödənişi ilə əlaqədardır. Qeyd edək ki, iyulun 17-də SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi həyata keçiriləcək. İstiqraz sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1,25 mln. dollar vəsait ödəniləcək. Bununla da, dövriyyəyə buraxıldığı müddətdən indiyə qədər istiqrazlar üzrə ödənilən faizlər 3,75 mln. dollara çatacaq.

SOCAR istiqrazları hazırda əhali tərəfindən ən çox alınan qiymətli kağız sayılır. Onların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanətinin və likvidliyinin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt nominal qiymətindən - 1 000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür.

İstiqrazların illik gəlirliliyi 5% və yaxud hər istiqraz üzrə ildə 50 dollardır. Faiz ödənişləri 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir. Birinci və ikinci faiz ödənişləri bu il 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilib. 2017-ci il ərzində SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişləri isə bir qədər əvvəl qeyd edildiyi kimi iyulun 17-də və oktyabrın 17-də baş tutacaq.

SOCAR İstiqrazlarını əldə etmək üçün 1 və 5 saylı "ASAN Xidmət" mərkəzlərinə və yaxud *19 99 qaynar xəttinə müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi