Yuxarı
    Bağlamaq

    “SOCAR Capital”: SOCAR istiqrazları üzrə faizlər belə ödəniləcək - VİDEO

    “Report” “SOCAR Capital” şirkətinin nümayəndəsi Turan Talıbovla müsahibəni təqdim edir

    Bakı. 13 aprel. REPORT.AZ/ “Report” “SOCAR Capital” şirkətinin nümayəndəsi Turan Talıbova ilə müsahibəni təqdim edir:

    - Turan xanım, ilk öncə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları üzrə faiz ödənişi barədə məlumat verərdiniz.

    - Əvvəlcə xatırladım ki, ildə 5% gəlir gətirən və ABŞ dollarla buraxılan SOCAR istiqrazları üzrə faizlər hər 3 aydan bir ödənilir. Aprelin 17-də ikinci faiz ödənişi olacaq. SOCAR istiqraz sahiblərinin bank hesablarına ümumilikdə 1,25 mln. dollar köçürəcək.

    - Hər istiqraz nə qədər qazanc gətirir?

    - SOCAR istiqrazlarının sahibləri hər bir istiqraz üçün 12,5 dollar qazanc əldə edirlər. Pul bank hesabına köçürüləndə istiqraz sahiblərinin mobil nömrələrinə SMS bildiriş gəlir. İstiqraz sahibləri bu pulları istədikləri vaxt və istədikləri formada xərcləyə bilərlər.

    - Faizlərin ödənişi üçün tələb olunan məbləği SOCAR bank hesablarına nə vaxt köçürəcək?

    - Əvvəlcədən nəzərdə tutulan qrafikə əsasən, bu həftənin sonunda, yəni aprelin 14-də istiqrazların faiz ödənişi üçün tələb olunan məbləğ - istiqraz sahiblərinin bank hesablarına göndəriləcək. Artıq aprelin 17-də bu vəsaitlər hesablara oturacaq və onlar pullarını götürə biləcəklər.

    - Bu vəsaitləri bankdan nağd şəkildə çıxarmaqla bağlı problem olmayacaq ki?

    - Xeyr, bildiyiniz kimi, hazırda onsuz da dollar vəsaitlərinin bankdan çıxarılması ilə bağlı problem yoxdur. Biz bu barədə banklarla da əlaqə saxlamışıq və onlar əmin ediblər ki, istiqraz sahiblərinin öz faiz qazanclarını bankdan çıxarmaları ilə bağlı heç bir sıxıntı olmayacaq.

    - Təkrar bazarda istiqrazların alqı-satqısı üzrə aktivlik necədir?

    - SOCAR istiqrazlarının təkrar bazarda alqı-satqısı çox aktivdir. İndiyədək təkrar bazar üzrə əməliyyatlarının həcmi 70 milyon dolları keçib. Təkçə 2017-ci ilin 3 ayı ərzində 36 372 ədəd istiqraz alınıb-satılıb ki, bu əməliyyatın həcmi 36 milyon dollardan çoxdur. Xüsusi olaraq qeyd etmək istərdim ki, SOCAR istiqrazları əldə edən fiziki şəxslərin sayı çoxalıb. Bu, istiqraz bazarındakı aktivliyin ən böyük göstəricisidir.

    - Xarici vətəndaşlar SOCAR istiqrazları almağa maraq göstərirmi?

    - Bəli, maraq göstərir. Yüksək gəlirliliyi, geri alma zəmanəti və likvidliyinin yüksək olması səbəbindən SOCAR istiqrazları çox əlverişli bir yatırım vasitəsidir və bu xüsusiyyətlərə görə, digər yatırım alətlərini üstələyir. Nəticədə onlara yerli investorlardan savayı, xarici investorlar tərəfindən də maraq böyükdür.

    - Daha çox hansı ölkələrin vətəndaşları istiqraz alırlar?

    - Əsasən Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxstan və digər ölkələrin vətəndaşları müraciət edərək SOCAR istiqrazları əldə ediblər. Hətta bəzi xarici vətəndaşlar məhz bu istiqrazları əldə etmək üçün Azərbaycana gəliblər. Onu da qeyd etmək lazımdır ki, onlar tərəfindən alınan istiqrazların da sayı çoxdur.

    - SOCAR istiqrazları üzrə bundan sonrakı faiz ödənişləri nə vaxt olacaq?

    - Əvvəlcədən elan olunduğu kimi, SOCAR istiqrazları üzrə faiz ödənişləri yanvarın 17-si, aprelin 17-də, iyulun 17-də və oktyabrın 17-də olacaq. İstiqrazların dövriyyədə olduğu 5 il ərzində faizlər bu qrafiklə ödəniləcək. Deməli, istiqraz sahibləri bu il ərzində növbəti faizləri iyulun 17-də və oktyabrın 17-də alacaqlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi