Bakı. 18 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətinin xətti ilə təxminən 101,7 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur.
"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, 2 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi isə illik müqayisədə 26,3% artaraq təxminən 24 mln. manat təşkil edib. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 23,6 manat ödəniş edilib. Bu göstərici 2014-cü ilin yanvar-fevral aylarında 20,8 manat olub.
Cari ilin ilk iki ayında Azərbaycanda toplanmış sığorta haqlarının 71,5%-i və ya 72,8 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur. İcbarı sığorta növlərində yığımlar isə 28,9 mln. manat və ya bazarın 28,5%-ni təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 45,5% böyüyüb.
Hesabat dövründə ümumi ödənişlərin 72%-i və ya 17,3 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 34% artıb.
İcbarı sığorta növləri üzrə ödənişlər isə 10% artaraq 6,7 mln. manat və ya ümumi bazarın 28%-ni təşkil edib.
Təhlil oluna dövr ərzində könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 23,8 manat ödəniş həyata keçirilib, halbuki 2014-cü ilin eyni dövründə bu göstərici 18 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə son bir ildə 30,7 manatdan 23,2 manata düşüb.