Yuxarı

​Səlcuq Adıgözəl: "Sığorta şirkətləri üçün daha sərbəst rəqabət imkanları yaradılmalıdır"

AXA-Mbaskın İdarə Heyətinin sədri: Şirkətə 100% sahib olduğumuza peşiman deyilik

Bakı. 1 iyul. REPORT.AZ/ Son illər Azərbaycanda yeni iqtisadi vəziyyətlə əlaqədar sığorta bazarında çətinliklər yaşansa da, "AXA" sığorta qrupu "AXA-Mbask Sığorta Şirkəti" ASC-dəki payını 100%-ə çatdırdığına görə peşiman deyil. Bunu "Report"a açıqlamasında "AXA-Mbask"ın İdarə Heyətinin sədri Səlcuq Adıgözəl deyib.

"Çətinliklər digər ölkələrdə də var. Amma biz Azərbaycan bazarına 1-2 il müddətə investiya qoyub gəlməmişik. Uzunmüddətli perspektivdə sığorta bazarında vəziyyətin yaxşı olacağına ümid edirik. Sadəcə, bazarda bəzi məsələlər tənzimlənməli, sığorta şirkətləri üçün daha sərbəst rəqabət imkanları yaradılmalı, bu yolla şirkətlərə dəstək verilməlidir", - deyə S.Adıgözəl qeyd edib.

"AXA-Mbask" sədri onu da bildirib ki, hazırda rəhbərlik etdiyi şirkət sığorta bazarına yeni məhsullar çıxarmağı deyil, mövcud könüllü sığorta məhsullarının satış həcmini artırmağı planlaşdırır.

"Sığorta bazarının inkişafı əsasən könüllü sığorta növlərinin inkişafından asılıdır. İcbari sığorta müştərilərə çıxış üçün bir açar rolunu oynayır. Bu sahədə yaxşı xidmət göstərməklə müştəriləri könüllü sığortaya da cəlb etmək olar. Yəni, xidmət keyfiyyətli olmalıdır və müştərilərə məhsulların mahiyyəti izah edilməlidir. Hazırda yeni məhsullara ehtiyac yoxdur, onsuz da mövcud məhsullar bazarın tələbatına uyğundur. Ehtiyac olduqda müəyyən dəyişikliklər edirik, lakin tamamilə yeni məhsullar olmayacaq, bütün dünyada sığorta məhsulları demək olar ki, standartdır. Sadəcə, bu məhsullardan nə cür istifadə edilməsi insanlara izah olunmalıdır. Bunu da biz edirik, rayonlarda maarifləndirmə işləri aparırıq. Çünki insanlar mahiyyətini anlamadıqları məhsulu almazlar. Həmçinin, əlavə xidmətlərə ehtiyac var. Məsələn, yol assistenti əlavə xidmətlərdən biri ola bilər. Hazırda sığorta müştərilərinə yardımçı xidmətlər təşkil etməyə çalışırıq", - deyə S.Adıgözəl fikrini tamamlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi