Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların 23% artacağı proqnozlaşdırılır

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmaların 23% artacağı proqnozlaşdırılır Bakı. 30 oktyabr. REPORT.AZ/ Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2019-cu ilin dövlət büdcəsi layihəsində 3 mln. 920 min manat nəzərdə tutulub ki, bu 2017-ci ilin müvafiq icra göstəricisindən 1 mln. 369 min manat və ya 53,7%, 2018-ci ilin proqnoz göstəricisindən isə 740 min manat və ya 23,3% çoxdur.
Maliyyə
30 Oktyabr , 2018 17:20

Bakı. 30 oktyabr. REPORT.AZ/ Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalar 2019-cu ilin dövlət büdcəsi layihəsində 3 mln. 920 min manat nəzərdə tutulub ki, bu 2017-ci ilin müvafiq icra göstəricisindən 1 mln. 369 min manat və ya 53,7%, 2018-ci ilin proqnoz göstəricisindən isə 740 min manat və ya 23,3% çoxdur.

“Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.

Rəydə qeyd olunub ki, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərdən daxilolmaların 2019-cu il üçün nəzərdə tutulmuş məbləğ 2018-ci ilin müvafiq proqnozu ilə müqayisədə “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı üzrə 10 min manat və ya 6,3% çox, “Azər-Türk Bank” ASC üzrə 360 min manat və ya 21,3% çox, “Azərlotereya” ASC üzrə isə 413 min manat və ya 32,1% çox olmaqla nəzərdə tutulub.

2019-ci ildə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan, lakin Nazirliyin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC üzrə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulmayıb.

“Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə növbəti ilə məbləğin artımla proqnozlaşdırılmasını müsbət meyl kimi qiymətləndirməklə yanaşı, icra səviyyəsinin aşağı olmasını nəzərə alaraq Hesablama Palatası inzibatçılığın və zəruri tədbirlərin gücləndirilməsini məqsədəmüvafiq hesab edir”, - deyə rəydə vurğulanıb.

Qeyd edək ki, 2018-ci ilin 8 aylıq icra göstəricilərinə əsasən səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 1 mln. 831 min manat daxil olub ki, bundan 696 min manat “Azər-Türk Bank” ASC, 1 mln. manat “Azerlotereya” ASC, 135 min manat isə “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən 2017-cı ildəki fəaliyyətinin nəticələri üzrə ödənilib. Bu mənbədən 2018-ci ilin yanvar-avqust ayları üzrə daxilolmalar əvvəlki ilin 8 ayının eyni göstəricisi ilə müqayisədə 94 min manat və ya 4,9% az icra olunub, cari il üzrə illik və 8 aylıq proqnozların icra səviyyəsi müvafiq olaraq 57,6% və 137,3% təşkil edib.

“Nizamnamə fondunda və yaxud səhmlərində dövlətin payı olan müəssisələrdə həmin paylara görə dövlət büdcəsinə dividendlərin alınması istiqamətində mənfəətindən dövlət büdcəsinə dividendlərin ödənilməsinə cəlb edilmiş müəssisələr üzrə əlavə ehtiyat potensialın mövcudluğunu nəzərə alaraq bu mənbə üzrə 2019-cu ilin dövlət büdcəsi layihəsində və növbəti illərdə də həmin imkanlardan dövlət büdcəsinə vəsaitlərin cəlb edilməsi üçün istifadə məqsədilə təhlillərin aparılmasını və nəticəsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik”, - deyə sənəddə qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi