Yuxarı

Samir Şərifov: "Büdcə xərclərinin azaldılması büdcə yığcamlaşdırılması siyasətinə uyğundur"

Maliyyə naziri: Büdcənin artan hissəsi qeyri-neft sektorundan gəlirlər hesabına icra edilib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycanın 2015-c il dövlət büdcəsinin xərcləri üzrə proqnoz 84,3% səviyyəsində icra olunub. Bu da büdcə yığcamlaşdırılması siyasətinə uyğundur. "Report" xəbər verir ki, bunu "Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünkü iclasında müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib: "Ötən il mənfi təsirləri nəzərə alaraq ilin ortalarından qənaət rejiminə keçilib. Lakin əsas sosial öhdəliklərin tam icrası təmin edilib".

Nazir qeyd edib ki, 2015-ci ildə xammalın dünya bazarında qiymətinin enməsi inkişafda olan ölkələrin inkişaf sürətinin zəifləməsi, qlobal ticarətdə geriləməyə səbəb olub. Bu da xammal ixrac edən ölkələrin iqtisadiyyatına mənfi təsir edib və ilk növbədə tədiyyə balansında özünü biruzə verib.

"2015-ci ildə iqtisadi artım göstəriciləri pisləşib. Qlobal iqtisadi proqnoz üzrə artım nəzərdə tutulsa da, reallıq bunun əksinə olub. 2014-cu illə müqayisədə dünya iqtisdadiyyyatının artım sürəti 3%-ə yaxın olub və 0,3 faiz bəndi azalıb. Regiondakı proseslərin gesosiyası gərginliyi artırması Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməyib. Valyuta daxilolmalarının kəskin azalmasına, tədiyyə balansının sıfırlaşmasına, cüzi saldo ilə başa vurmasına, sahibkarlığın maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsinə səbəb olub", - deyə nazir əlavə edib

S.Şərifov qeyd edib ki, əvvəlki illərdə yaradılan güclü maliyyə potensialının səfərbərliyi hesabına xarici iqtisadi şokların mənfi nəticələrinin neytrallaşması təmin edilib, ölkə əhalisinə mənfi təsirlər yumşaldılıb.

Hesabat ilində dövlət əsas sosial tədbirləri həyata keçirib. Nəticədə, 2015-ci il dövlət büdcəsində gəlirlər üzrə proqnozun icrası 17 497 964,7 min manat, xərclər üzrə 17 784 535,2 min manat təşkil edib.

Nazir bildirib ki, büdcə gəlirlərinin azalmasının digər səbəbi də hökumətin düşünülmüş şəkildə Dövlət Neft Fondundan transfertin azaldılmasına getməsidir. 

Onun fikrincə, hazırda əsas vəzifə iqtisadi şaxələnməyə nail olmaqdır: "Bu da qeyri-neft sektorunun inkişafı deməkdir. Büdcənin artan hissəsi qeyri-neft sektorundan gəlirlər hesabına icra edilib".

Qeyd edilib ki, milli valyutanın devalvasiyası ilə bağlı xarici borclara xidmətlə bağlı xərclər manat ekvivalentində məntiqi olaraq artıb. 

Xatırladaq ki, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 438,0 mln. manat proqnoza qarşı 90,0% icra olunaraq 17 498,0 mln. manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 mln. manat və ya 4,9% azdır.

2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 7 278,1 mln. manat və ya 107,8% icra edilməklə, proqnozla nəzərdə tutulduğundan 528,1 mln. manat, 2014-cü illə müqayisədə 1 021,6 mln. manat və ya 16,3% çox təşkil edib. 2015-ci ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,3% olub ki, bu da 2014-cü ilə nisbətən 1,9 faiz bəndi çoxdur.

Ötən il dövlət büdcəsinin xərcləri 21 100,0 mln. manat proqnoza qarşı 17 784,5 mln. manat və ya 84,3% icra edilib. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 32,7% təşkil edib.

Nəticədə, büdcədə 286,571 mln. manatlıq kəsir yaranıb, 2016-cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalıq 1 433,9 mln. manat təşkil edib. Qalıq 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi