Rusiyalı ekspert: "Devalvasiyanın qarşısını almaq mənasızdır"

Rusiyalı ekspert: "Devalvasiyanın qarşısını almaq mənasızdır" Vasili Koltaşov: "Azərbaycanda devalvasiyanın ilk dalğası gedir, yaxın gələcəkdə növbəti, güclü dalğanı gözləmək lazımdır"
Maliyyə
25 Avqust , 2015 18:07
Rusiyalı ekspert: Devalvasiyanın qarşısını almaq mənasızdır

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın dolların məzənnəsinin tənzimlənməsi isqamətində atdığı addımlar Rusiya ilə müqayisədə daha səmərəli xarakter daşıyır. Bunu "Report"a açıqlamasında Rusiya Qloballaşma və Sosial Hərəkatlar İnstitutu İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov bildirib.

"Düşünürəm ki, indi Rusiya, Qazaxıstan və Azərbaycanda dollar həddən artıq yüksək qiymətləndirilib. Bu, dünya bazarındakı perspektivlərin vəziyyətindən irəli gəlir. Bu o deməkdir ki, devalvasiya dalğasının olması qaçılmazdır və məsələ onun necə, nə formada baş verəcəyi, milli valyuta məzənnəsinin nə dərəcədə düşəcəyindədir", - V.Koltaşov qeyd edib. 

Onun sözlərinə görə, devalvasiyanın yüngülləşdirilməsinə görə məsuliyyətin əsas yükü mərkəzi bankların üzərinə düşəcək: "Milli valyutanın düşməsi əhəmiyyətli dərəcədə mərkəzi bankların məzənnəsindən, onların davranışından və bazara nə qədər valyuta çıxarmasından asılı olacaq".

Ekspert qeyd edib ki, Azərbaycanda devalvasiyanın ilk dalğası gedir, yaxın gələcəkdə növbəti, güclü dalğanı gözləmək lazımdır.

Onun fikrincə, dalğanın gücü dünya bazarında neftin qiyməti və Çin iqtisadiyyatındakı vəziyyətdən asılı olacaq.  

V.Koltaşov əlavə edib ki, Rusiya Mərkəzi Bankının ötənilki təcrübəsi yetişən devalvasiyanın qarşısını almağın mənasız addım olduğunu göstərir: "Rusiya rublun məzənnəsini saxlamaq üçün təxminən 90 mlrd. ABŞ dolları itirib, nəticə etibarilə devalvasiya onsuz da 2014-cü ildə baş verib".

"Mən görürəm ki, Azərbaycan və Qazaxıstan mərkəzi banklarının hərəkətləri Rusiyada olduğundan daha səmərəli xarakter daşıyır. Burada məzənnənin saxlanılmasının mümkünsüz olduğunu anlayan kimi onu aşağı salırlar", - Mərkəzin rəhbəri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi