Yuxarı

​Rusiya Mərkəzi Bankı pul-kredit siyasətini sərtləşdirə bilər

Uçot dərəcəsinin dəyişməsi neft qiymətlərinin dinamikası ilə bağlı olacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ Rusiya Bankı (RB, Mərkəzi Bank) ölkədə inflyasiya riskləri yüksələcəyi təqdirdə pul-kredit siyasətini sərtləşdirə bilər. Bu barədə Bankın Direktorlar Şurasının iclasının nəticələri ilə bağlı press-relizdə qeyd olunub.

"Report" xəbər verir ki, bu gün RB-nin növbəti iclasında uçot dərəcəsini sabit - 11% səviyyəsində saxlanmasına dair qərar qəbul olunub. Bank artıq 4-cü iclasdır ki, bu faizdə dəyişiklik etmir və hər dəfə monetar siyasəti yumşalda biləcəyini bəyan edir. Budəfəki iclasda isə tam əksinə, monetar siyasətin sərtləşdirilə biləcəyi vurğulanıb.

RB qeyd edib ki, neft qiymətlərinin azalması fonunda milli valyuta devalvasiyaya uğradığından ölkədə inflyasiya riskləri artıb. Bankdan həmçinin inflyasiyanın 2015-ci ilin dekabrında 12,9%-dən 2016-cı ilin ilk rübünün yekununda 8-9%-ə enməsi proqnozlaşdırılır. İnflyasiya yalnız 2017-ci ilin sonunda hədəf səviyyəsi olan 4%-ə enəcək. Press-relizdə həmçinin qeyd olunub ki, neftin qiyməti aşağı səviyyədə qalmaqda davam edərsə, bu, inflyasiya riskini artıracaq və nəticədə RB pul-kredit siyasətinin sərtləşdirilməsi ilə bağlı qərar qəbul etməli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi