Yuxarı

​Rusiya iqtisadiyyatında böhran azı 3 il davam edəcək

Dünya neft bazarında qiymət böranının davam etməsi Rusiyanın valyuta ehtiyatlarını sıfıra salacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Yaxın üç ildə Rusiyanın valyuta ehtiyatları tamamilə tükənə bilər. RF-nin "Ali İqtisadiyyat Məktəbi" (AİM) Milli Araşdırmalar Universiteti 2017-ci ildə neftin qiyməti artmayacağı təqdirdə Rusiyanın valyuta ehtiyatlarının bitə biləcəyini vurğulayır. Rusiyalı ekspertlər ölkə iqtisadiyyatının ən tez iki ildən sonra böhran vəziyyətindən çıxacağını proqnozlaşdırırlar. Laki bu, neftin qiyməti yüksələcəyi təqdirdə baş verə bilər.

"Report"un məlumatına görə, Unversitetin ekspertləri Rusiya iqtisadiyyatının 3 inkişaf ssenarisinin olduğunu qeyd edirlər:

1. Neftin qiyməti 2018-ci ilə qədər 50 dollar/barel səviyyəsində qalarsa;

2. Neftin qiyməti 2015-ci ildə 60 dollar/barel, 2016-cı ildə 70 dollar/barel, 2017-2018-ci illərdə 80 dollar/barel olarsa;

3. Neftin qiyməti 2018-ci ildə 50 dollar/barel səviyyəsinə düşərsə.

Proqnozlara görə, neftin qiyməti 80 dollar/barelə qədər yüksəlsə də, Rusiya iqtisadiyyatının yaxın iki ildə azalacağı gözlənilir. Müsbət ssenaridə ÜDM 6%, pis ssenaridə isə 7% azalacaq. Bu 2-illik resessiya dövründə işsizlik 5,2%-dən 7%-ə yüksələcək. Kredit şərtləri ağırlaşaraq əksər borcalanların borc yükünün artmasına və daha sonra iflas etməsinə gətirib çıxaracaq. İnvestisiyaların isə 15,2% azalacağı ehtimal olunur.

Bununla yanaşı, istənilən halda 2017-ci ildə Rusiyada ÜDM-in artacağı gözlənilir. Neftin qiyməti 80 dollar/barelə yüksələrsə artım 2,1%, 50 dollar/bareldə qalarsa 0,5% olacaq.

"Fitch" beynəlxalq reytinq agentliyi Rusiyada iqtisadi artımın 2017-ci ildə başlayacağı fikrində olsa da, "S&P" reytinq təşkilatı artımın artıq 2016-cı ildə başlayacağını və 1,9% səviyyəsində olacağını proqnozlaşdırır.

Lakin Ali İqtisadiyyat Məktəbinin ekspertləri hesab edirlər ki, ÜDM-in artımı hec də büdcə böhranı problemini həll etmir. Büdcə kəsirinin suveren fondlardan maliyyələşdirildiyi diqqətə alınarsa, neqativ ssenaridə Rusiya Ehtiyat Fondunun 2016-cı ildə, Milli Rifah Fondunun isə 2017-ci ildə tükənəcəyi və hətta 730 mlrd. rubl kəsirlə nəticələnəcəyi ehtimal olunur.

AİM analitikləri hesab edir ki, hətta neft 80 dollara qədər bahalaşsa da, 2015-ci və 2016-cı illərdə iqtisadi geriləmə sadəcə olaraq bir qədər yumşalacaq, 2017-ci və 2018-ci illərdə isə 2% artım baş verəcək. Lakin neftin qiyməti təkrarən düşərsə, Rusiya 2018-ci ildən etibarən yenidən resessiya ilə üzləşəcək.

Ölkənin ehtiyat fondları tükənərsə, 2018-ci ildən sonra Rusiya büdcə kəsirinin ÜDM-nin 1%-i qədər sekvestr həyata keçirməli olacaq. Nəticədə, büdcə xərcləri mümkün qədər azaldılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi