Rüfət Aslanlı: "Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün yeni çağırışlar formalaşıb"

Rüfət Aslanlı: "Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün yeni çağırışlar formalaşıb" Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2016-2018-ci illər üzrə strateji fəaliyyət planlarının hazırlanmasına dair qərarlar qəbul edib
Maliyyə
1 Oktyabr , 2015 15:18
Rüfət Aslanlı: Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün yeni çağırışlar formalaşıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2016-2018-ci illər üzrə strateji planlarının hazırlanmasına həsr olunmuş kollegiya iclası keçirilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, QKDK-nın sədri Rüfət Aslanlı 2013-2015-ci illəri əhatə edən Strateji Planlama müddətinin sona çatmaq üzrə olduğunu və növbəti üç illik müddət üçün Komitənin inkişaf strategiyasının müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Sədr makroiqtisadiyyat və qlobal maliyyə bazarlarında baş verən hadisələr barədə danışaraq enerji daşıyıcılarının qiymətinin kəskin azaldığını, inkişaf etmiş ölkələrdə deflyasiya meyllərinin artdığını, inkişaf etməkdə olan ölkələrdə isə devalvasiyanın gücləndiyini və idxal imkanlarının azaldığını bildirib. Qeyd olunanlar fonunda maliyyə institutları tərəfindən son dövrlər dünya iqtisadiyyatının artım proqnozlarının davamlı olaraq azaldıldığı diqqətə çatdırılıb.

R.Aslanlı bildirib ki, son 10 ildə ölkədə ÜDM 3 dəfə, investisiya qoyuluşları 3,6 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, əmanətlər 13,8 dəfə artıb qeyd edib. Dünyada müşahidə edilən neqativ tendensiyalar fonunda Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün yeni çağırışların formalaşdığını diqqətə çatdırıb. Sədr QKDK qarşısında duran əsas vəzifələr sırasında qeyri-neft sektorunu ucuz, davamlı və rəqabətli maliyyə resurslarına çıxışla təmin edilməsi, hökumətin iqtisadi diversifikasiya siyasətinin dəstəklənməsi və yüksək kompetensiyalı bazar institutlarının formalaşdırılması məsələlərini qeyd edib.

Toplantının yekununda struktur bölmələrin mandatlarına uyğun olaraq 2016-2018-ci illər üzrə strateji fəaliyyət planlarının hazırlanması istiqamətində müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi