Yuxarı

​"Report": Qızılın ucuzlaşması müvəqqəti prosesdir

Artıq bu il qızılın 1 400 dollar/unsiyaya kimi bahalaşması gözlənilir

Bakı. 16 fevral. REPORT.AZ/ Dünya bazarında qızılın qiyməti son 4 iş günü ərzində 5%-ə yaxın ucuzlaşaraq 1 200 dollar/unsiya səviyyəsindən aşağı enib. "Report" xəbər verir ki, qlobal maliyyə və xammal bazarlarında müvəqqəti yaranan optimist əhval-ruhiyyə investorlara bu fürsətdən istifadə etməyə imkan yaradıb. Belə ki, fond birjaları indeksləri artıb, neftin qiyməti yüksəlib, qızılın qiyməti isə tam əksinə, azalıb. Öz növbəsində investorlar son günlər sərt yüksələn qızıl kimi aktivləri satıb, mənfəətlərini isə ucuzlaşan səhm və neft kimi xammal aktivlərinə yönəldiblər. 

Qeyd edək ki, qızıl 2015-ci il noyabrın 30-da 1 046 dollar/unsiya səviyyəsindən başladığı yüksəliş nəticəsində 20,5% artaraq fevralın 11-də 1 260 dollar/unsiyaya çatıb. Qızılın bahalaşması əsasən dünyadakı geosiyasi vəziyyət və mərkəz banklarının uçot faiz dərəcələrini mənfiyə endirməsi amilləri ilə bağlı olub.

"Report"un analitik qrupu hesab edir ki, qlobal iqtisadiyyatda mənfi tendensiya davam edir və hazırda optimist əhvali-ruhiyyə investorların risk iştahının müvəqqəti artması ilə bağlıdır. Fevralın 26-27-də Şanxayda keçiriləcək G-20 sammitindən sonra qlobal maliyyə bazarları yenidən neqativ istiqamətdə hərəkətini davam etdirəcək. Qızıl qiymətinin isə müəyyən korrektirovkadan sonra artmağa davam edəcəyi proqnozlaşdırılır. Artıq bu il qızılın qiymətinin 1 400 dollar/unsiyaya qədər artacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi