Yuxarı
    Bağlamaq

    "Report": Dövlət Neft Fondu konservativ menecmentdən uzaqlaşmalıdır

    Gəlirliyin artırılması üçün Fondun daha aktiv bazar oyunçusuna çevrilməsi lazımdır

    Bakı. 30 yanvar. REPORT.AZ/ Norveç Neft Fondunun ehtiyatları 2016-cı il yanvarın 29-na 6 974 mlrd. norveç kronu (NOK) və ya 802,6 mlrd. ABŞ dolları  təşkil edib. Fond dünya fond birjalarındakı səhmlərin 1%-nin, Avrozona səhmlərinin isə 1,78%-nin sahibi kimi Avrozonanın ən böyük səhm sahibidir. Fond 1990-cı ildə təsis edilib və "Norges Bank Investment Management" (NBIM) şirkəti tərəfindən idarə olunur. Şirkət Norveç Mərkəzi Bankı və Maliyyə Nazirliyinə tabedir. NBIM Norveç Neft Fondunun vəsaitlərinin 2030-cu ilə kimi pessimist ssenari üzrə 2,7 trln. NOK (455 mlrd. dollar), optimist ssenari üzrə isə 19,6 trln. NOK (3,3 trln. dollar) olacağını proqnozlaşdırır.

    "Report" xəbər verir ki, Fondun menecmenti riskli iqtisadi sahələr və kredit reytinqi aşağı olan ölkələr də daxil olmaqla çoxtərəfli investisiyalar vasitəsilə həyata keçirilir. Məsələn, 2012-ci ildə 2 mlrd. dollar həcmində vəsait 15 texnologiya şirkətinə yatırılıb və investisiya qoyulan ölkələr arasında İran, Suriya və Birma yer alıb.

    Qeyd etmək lazımdır ki, Fondun 1998-ci ildə NBIM-in menecmentinə verilməsindən sonra 1998-2014-cü illər arasında orta illik gəlirliyi 5,8% təşkil edib. ABŞ dollarında gəlirlik isə 6,3%-ə bərabər olub. Bu zaman investisiyaların 60%-i səhmlərə, 35%-i sabit gəlirli maliyyə alətlərinə və 5%-i daşınmaz əmlaka yatırlıb. NBIM-in investisiya etdiyi şirkətlər sırasında "Nestle", "Apple", "Novartis", "Roche", "Royal Dutch Shell", HSBC və "BlackRock" əsas yeri tutur. Fond "Wolksvagen" və "Glencore" kimi şirkətlərin səhmlərində bu il zərər edib. 2015-ci ilin III rübündə NBIM-in səhmlərdən zərəri 8,6% ,sabit gəlirli alətlərdən gəliri 0,9%, daşınmaz əmlakdan gəliri isə 3% təşkil edib. Bu da qlobal bazarlarda baş verən neqativ tendensiya ilə əlaqədardır. Lakin nəticə etibarilə Fondun son 16 ildə gəlirliliyi xeyli yüksəlib.

    Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinə baxdıqda isə burada sabit gəlirli maliyyə alətlərinin üstünlük təşkil etdiyini görürük (81,6%). Səhmlərin payı 7%, daşınmaz əmlakın payı isə 4,3% təşkil edir. Qalan hissə qızıl və sair layihələrə aiddir. Neft Fondunun gəlirliyinə baxdıqda isə 2005-2014-cü illər arasında orta illik göstəricinin 2,58%, 2010-2014-cü illərdə 1,46%, 2012-2014-cü illərdə isə 1,84% təşkil etdiyini görürük. 2014-cü ildə Fondun gəlirliliyi 1,52% olub.

    "Report"un analitik qrupu hesab edir ki, Neft Fondunun gəlirliyinin artırılması üçün bir qədər konservativ menecment siyasətindən kənarlaşaraq, daha aktiv bazar oyuçusuna çevrilmək lazımdır. Bunun üçün xammal ixracatçısı olan dıgər ölkələrin təcrübəsindən və ya qlobal maliyyə fondlarının strategiyalarından istifadə etmək olar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi