​"Report": Bu il Azərbaycanda inflyasiya minimuma enəcək

​"Report": Bu il Azərbaycanda inflyasiya minimuma enəcək İstehlak tələbatının azalması səbəbindən deflyasiyanın yaxın aylarda davam edəcəyi gözlənilir
Maliyyə
15 May , 2015 10:49
​Report: Bu il Azərbaycanda inflyasiya minimuma enəcək

Bakı. 15 may. REPORT.AZ/ Bu il Azərbaycanda gözlənilən inflyasiyanın ən pis halda təkrəqəmli olacağı proqnozlaşdırılır. Bu ilin fevral ayında milli valyutanın 34%-lik devalvasiyasından sonra ölkədə bu il inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da, mövcud konyunktur nəzərə alınmaqla, illik inflyasiyanın 10%-ə çatmayacağı ehtimal olunur.

"Report"un analitik qrupu qeyd edir ki, Dövlət Statistika Komitəsinin aprel ayı üçün açıqladığı makroiqtisadi göstəricilərə əsasən, ilin əvvəlindən tədricən zəifləyən inflyasiya ötən ay 0,2%-lik deflyasiya ilə əvəz olunub. Qeyd edək ki, fevralda inflyasiya 4%, martda isə 0,9% olub.

"Bazarda idxal məhsullarının üstünlük təşkil etməsinə baxmayaraq deflyasiyanın baş verməsi bir sıra amillərlə bağlıdır. Başlıca amil odur ki, ölkədə dövriyyədə olan nağd pul kütləsi aybaay azalır, bank resurslarına çıxış məhdudlaşıb, valyuta bazarındakı gərginlik səbəbindən isə milli valyutada maliyyələşmə problemi də hələ davam edir", - deyə Agentliyin analitikləri bildiriblər.

Qeyd edək ki, banklardan kənarda nağd pul kütləsi (M0) aprelin 1-nə 7 396,6 mln. manat təşkil edib. Əvvəlki ayla müqayisədə M0 aqreqatı 7%, ilin əvvəlindən isə 27% azalıb.

Yay aylarında mövsümi amillər səbəbindən istehlak bazarında qiymət artımının səngiməsi müşahidə olunur. Bu yay Azərbaycanda deflyasiya daha da sürətlənə bilər. Qeyd edək ki, 2014-cü ilin may-iyul aylarında müvafiq olaraq 0,8%, 1,2% və 0,8% deflyasiya müşahidə olunub. Avqustda isə qiymətlərin səviyyəsi dəyişməyib, sabit qalıb.

"Nağd pul kütləsində azalma davam edərsə və ya bu səviyyədə qalarsa, ümumilikdə 2015-ci il deflyasiya ilə yekunlaşa bilər. Deflyasiya isə ÜDM-dəki azalma səbəbindən baş verir. Belə ki, nominal ÜDM Azərbaycanda ilk rübdə 11 525 mln. manat olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% azdır. Amma, ÜDM deflyator nəzərə alınmaqla hesablandığı üçün, rəsmi statistik rəqəmlər ölkədə I rübdə 5,3% iqtisadi artım olduğunu göstərir. Deflyatorun hesablanmasında neft amili əsas rol oynadığı üçün aprel ayından başlayan neft qiymətlərindəki kəskin artım ÜDM rəqəmlərinə öz mənfi təsirini göstərəcək. Yəni, deflyator yüksələrək ÜDM-i aşağı salacaq. Nəticədə, staqnasiya gözləntiləri yüksələcək və bu, çox təhlükəlidir", - deyə ekspertlər bildirib.

"Report"un analitik qrupu qeyd edir ki, iqtisadi artıma nail olmaq üçün Azərbaycanda dövlət investisiya xərcləri artırılmalı və ya özəl sektorun inkişafı stimullaşdırılmalıdır. Xarici sərmayənin ölkəyə axını üçün isə şərait daha da yaxşılaşdırılmalıdır. Yalnız bu halda böhranın nəticələri aradan qaldırıla bilər.

Son xəbərlər

Orphus sistemi