"Report": ​Azərbaycanda bank kreditləri bahalaşacaq - PROQNOZ

"Report": ​Azərbaycanda bank kreditləri bahalaşacaq - PROQNOZ Riskləri sığortalamaq məqsədilə banklar valyuta kreditlərini ucuzlaşdırmalıdır
Maliyyə
5 Mart , 2015 16:40
Report: ​Azərbaycanda bank kreditləri bahalaşacaq - PROQNOZ

Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycanda milli valyutanın devalvasiyasından (fevralın 21-də) sonra Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin 9%-dən 12%-dək artırması əhalinin vəsaitlərini banklarda saxlamağa motivasiyası üçün atılmış addım olub. Çünki devalvasiya baş verən ərəfədə və sonra əmanətçilərin banklara kütləvi axını baş verib və manatla olan əmanətlərin (bəzən isə valyuta depozitlərinin də) banklardan çıxarılaraq dollara çevirmək istəməsi nəticəsində manat qıtlığı yaranıb. Bu isə öz növbəsində bəzi banklarda manatla olan əmanətlərin geri qaytarılmasında problemlər yaradıb.

"Report"un analitik qrupunun apardığı müşahidələrə əsasən, hazırda vəziyyət nisbətən stabilləşib, hətta Azərbaycan manatı digər valyutalara qarşı bir qədər güclənməyə başlayıb. Manatın güclənməsi ilə Azərbaycan Mərkəzi Bankının (AMB) manata olan güvəni geri qaytarmaq istəməsi müşahidə olunur. Çünki demək olar bütün kommersiya bankları manatla kreditləşməni dayandırıb və kreditlər əsasən xarici valyutada verilib. Son günlər isə artıq bir sıra banklar manatla kreditləşməni bərpa edib. Lakin bu kreditlər üzrə faiz dərəcələri də təbii ki, yüksəlib. Avtomobil kreditləri ortalama 3-4 faiz bəndi artaraq illik 17-18%-ə, istehlak kreditləri isə ortalama 6 faiz bəndi artaraq 24%-ə çatıb. Yaxın müddətdə digər bankların da milli valyutada kreditləşməyə qayıtması gözlənilir.

Bankların qarşılaşacağı çətinliklərdən ən əsası əhalinin əmanətlərini xarici valyutada, əksər hallarda ABŞ dollarında saxlaması və kredit götürmək istəyənlərin isə krediti milli valyutada götürmək istəməsi ilə bağlıdır. Bu vəziyyət bankların valyuta risklərini daha da artırır. Nəticədə riskləri minimuma endirmək üçün banklar manatla kredit faizlərini xarici valyutalarda kredit faizlərinə nisbətən yüksəldəcəyi gözlənilir. Manatın bir qədər güclənməsi və yüksək manat kredit faizləri ilə banklar həm son devalvasiyada uğradıqları zərəri, həm də baş verə biləcək gələcək devalvasiya riskini azaltmağa çalışacaq. Çünki manat növbəti devalvasiyadan sığortalanmayıb.

Qeyd edək ki, Türkiyədə lirənin, Gürcüstanda larinin, Ukraynada qrivnanın, nəhayət, avronun ucuzlaşması manatın gələcəkdə bir qədər də ucuzlaşmasına səbəb ola bilər. Rusiyada rubl son dövrlərdə bir qədər sabit görünsə də, hər an yeni sanksiyaların tətbiqi və neftin qiymətinin düşməsi ilə rublun ucuzlaşması sürətlənə bilər.

Son xəbərlər

Orphus sistemi