Yuxarı

"Report": Azərbaycan Mərkəzi Bankı dollar almağa başlaya bilər

Analitiklər: Manatın möhkəmlənməsi milli valyutaya inamın artmasına gətirib çıxaracaq

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tezliklə mütəşəkkil valyuta bazarında xarici valyuta alışına başlaya bilər. "Report"un analitik qrupu hesab edir ki, son günlər dünya bazarında neftin qiymətinin yüksəlməsi və qlobal maliyyə, eləcə də valyuta bazarlarında sabitliyin yaranması fonunda milli valyutanın möhkəmlənməsi davam edəcək. Belə ki, son bir həftə ərzində dollar manatla müqayisədə 0,0086 manat və ya 0,53% ucuzlaşıb və rəsmi məzənnə 1,5972 AZN/USD səviyyəsinə kimi geriləyib. 

Qeyd edək ki, AMB-nin keçirdiyi son hərraclarda təklif etdiyi dollar kütləsi cari tələbatı üstələyib və intervensiya xeyli azalıb. Bu isə bazarda artıq dollara tələbatın azaldığını göstərir. 

"Banklararası valyuta bazarında keçirilən alqı-satqı əqdləri zamanı isə məzənnə daha da aşağı səviyyədə müəyyənləşib. Bu, onu deməyə əsas verir ki, önümüzdəki həftə ərzində AZN/USD məzənnəsi daha da aşağı enəcək və proses sürətlənərsə bu dəfə AMB mütəşəkkil valyuta bazarına əks istiqamətdə intervensiya edərək valyuta toplamağa başlaya bilər", - deyə analitiklər qeyd edib. 

"Report" analitik qrupu bildirir ki, AMB rəsmi məzənnə 1,55 AZN/USD səviyyəsinə enməsi durumunda kiçik manat intervensiyaları həyata keçirməklə valyuta ehtiyatlarını artırmağa çalışacaq: "Ümumiyyətlə, məzənnənin 1,40-1,45 AZN/USD-yə qədər enməsi ehtimal olunur. Əlbəttə, bu, manata inamın güclənməsi baxımından çox vacibdir. Manata inamın bərpa olunması bankların iqtisadiyyata kredit qoyuluşlarını artırmasına müsbət təsir edəcək ki, bu da iqtisadiyyatın canlanmasına səbəb olacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi