"Rabitəbank"ın aktivləri 27% artıb

"Rabitəbank"ın aktivləri 27% artıb Əhalinin əmanətlərinin 73%-i xarici valyutada yerləşdirilib
Maliyyə
15 İyul , 2015 10:12
Rabitəbankın aktivləri 27% artıb

Bakı. 15 iyul.REPORT.AZ/ "Rabitəbank" ASC-nin aktivləri illik müqayisədə 27% artaraq 2015-ci il iyulun 1-nə 341 mln. manata çatıb. Hesabat dövründə kredit portfeli illik 11,7% artaraq 218,3 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, kreditlərin 68,6 mln. manatı xarici, 149,7 mln. manatı milli valyutada verilib. Hesabat dövründə xarici valyutada kreditlərdə 2,3 dəfə artım, manatla kreditlərdə isə əksinə 9,8% azalma müşahidə olunub. Kredit portfelinin 56%-ni və ya 122,2 mln. manatını qısamüddətli (1 ilədək) kreditlər təşkil edib.

Hesabat dövründə istehlak kreditləşməsi 29% artaraq 66,2 mln. manatdan 85,4 mln. manata yüksəlib. Avtomobil kreditlərinin həcmi isə 2,3 dəfə artaraq 10 mln. manat olub.

Cari il iyulun 1-nə kreditlərin 11,3 mln. manatının ödəniş vaxtı keçib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə problemli kreditlərin həcminin 30,9%, onların xüsusi çəkisinin isə 4,41%-dən 5,17%-ə qədər artdığını göstərir.

Təhlil olunan dövr ərzində "Rabitəbank"ın depozit portfeli 25,9% artaraq 228,4 mln. manat təşkil edib. Depozit portfelinin 63,4%-i və ya 144,8 mln. manatı xarici, 36,6%-i və ya 83,6 mln. manatı isə milli valyutanın payına düşüb.

Əhalinin əmanətləri isə bu müddətdə 23,6% artaraq 129,3 mln. manatdan 159,8 mln. manata çatıb. Əmanətlərin 26,8%-i və ya 42,8 mln. manatı milli, 73,2%-i və ya 117 mln. manatı xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, iyulun 1-nə Bankın nizamnamə kapitalı 48,5 mln. manat, məcmu kapitalı 63,9 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi