Yuxarı

QKDK Nazirlik və "ASAN Xidmət"lə birgə işlərin aparılmasına dair göstəriş verib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində lisenziyalaşdırma prosesinin optimallaşdırılması ilə bağlı kollegiya iclası keçirilib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) lisenziyalaşdırma prosesinin optimallaşdırılması və sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı dövlət başçısının tapşırıqlarının icrasına həsr olunmuş kollegiya iclası keçirilib.

"Report"un verdiyi xəbərə görə, komitə sədri Rüfət Aslanlı QKDK-nın artıq iki ildir ki, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarında yerində yoxlamaları könüllü olaraq dayandırdığını vurğulayıb. Komitə sədri son illərdə kapital bazar institutlarının qanunauyğun fəaliyyətinin nəzarətdə saxlanması üçün effektiv hesabatlıq sistemi vasitəsilə bazarın davamlı inkişafının təmin edildiyini diqqətə çatdırıb.

R.Aslanlı bu dövrün həm də yeni bazar seqmentlərinin aktiv ticarətinin vüsət aldığı və bazarda yeni xidmətlərin təklif edildiyi bir müddətə təsadüf etdiyini bildirib. Lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və avtomatlaşdırılması məsələsinə toxunan sədr proseslərin qısa müddət ərzində və ən əsası, qiymətli kağızlar bazarı institutlarının fəaliyyətinə təsir etmədən tamamlanması üçün İqtisadiyyat və Sənaye Nazirliyi və "ASAN Xidmət"lə birgə işlərin aparılmasına dair müvafiq göstərişlərini verib.

İclasın davamında “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin müvafiq fərmanlarının icrası ilə bağlı görülməli işlər və digər prioritet məsələlərə dair müzakirələr aparılıb və sözügedən istiqamətlər üzrə QKDK sədri tərəfindən konkret tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi