Qızılın qiyməti 1 200 dollar/unsiyadan aşağı düşüb

Qızılın qiyməti 1 200 dollar/unsiyadan aşağı düşüb Proqnoz: Qısamüddətli perspektivdə qızılın qiyməti 1 000 dollar/unsiyaya kimi geriləyəcək
Maliyyə
24 Noyabr , 2016 11:18
Qızılın qiyməti 1 200 dollar/unsiyadan aşağı düşüb

Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrın 13-14-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsinin artırılması ehtimallarının 100%-ə yaxınlaşması ilə qızılın unsiyasının qiyməti dünən, noyabrın 23-də 1 200 dollar/unsiya həddindən aşağı enib. "Report" xəbər verir ki, qızılın ucuzlaşmasına səbəb dünən ABŞ-da Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının açıqlanması olub. Belə ki, Komitənin əksər üzvləri ABŞ-ın əmək bazarında yaxşılaşmanın isinmə həddinə çatdığını, buna görə də yaxın bir zamanda uçot dərəcəsinin artırılması zərurətini bildiriblər. Onlar dekabr ayında faizlərin artırılmasının həmçinin FES-ə inamı dəstəkləyəcəyini vurğulayıblar. Bununla bərabər, Komitə üzvləri qlobal iqtisadi risklərin yüksək olduğunu da xatırlatmağı unutmayıblar.

FOMC protokollarının açıqlanmasından sonra gəlir gətirməyən aktivlərdən sayılan və aşağı faiz dönəmində investorların marağına səbəb olan qızılın satışı sürətlənib. Ümumiyyətlə, dünya iqtisadiyyatının yavaşlaması fonunda qızıla azalan tələb, ABŞ-da uçot dərəcəsinin artırılması ilə qızıl aktivlərindən kapital axını daha da güclənib. Nəticədə, dünən qızılın bir unsiyasının qiyməti 27 dollar və ya 2,2% azalaraq 1 186 dollara düşüb.

"Report"un analitik qrupu daha əvvəlki proqnozlarında olduğu kimi qızılın qısa müddətdə 1 000-1 040 dollar/unsiya diapazonuna kimi geriləyəcəyini ehtimal edir. Uzunmüddətli perspektivdə isə qızılın 700 dollara qədər ucuzlaşması mümkündür.

Son xəbərlər

Orphus sistemi