Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində SECO ilə görüş keçirilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində SECO ilə görüş keçirilib Görüşdə birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub
Maliyyə
17 Dekabr , 2015 13:47
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində SECO ilə görüş keçirilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) İsveçrə İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a QKDK-nın ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

QKDK-nın sədri Rüfət Aslanlı Azərbaycan və İsveçrə hökumətləri arasında uzunmüddətli münasibətlərin daima yüksək həddə olduğunu vurğulayıb. R.Aslanlı Komitə ilə SECO arasında əməkdaşlığın Azərbaycanın kapital bazarlarının inkişafında əhəmiyyətini qeyd edərək, ölkənin qiymətli kağızlar bazarında gedən proseslər və yeniliklər barədə görüş iştirakçılarına məlumat verib.

Sədr geosiyasi tendensiyalar və makroiqtisadi risklər fonunda Azərbaycanın kapital bazarlarında yüksək institusional və tənzimləyici potensialın mövcudluğunu diqqətə çatdırıb. R.Aslanlı korporativ sektorun alətləri ilə ticarətin həcminin və likvidliyin təmin olunması hesabına təkrar bazarda əməliyyatların artdığını, investisiya və törəmə maliyyə alətlərinin ticarət platformasının işə salındığını qeyd edib.

Komitə sədri əməliyyatların mərkəzi klirinq sistemi vasitəsilə tamamlanmasını müsbət addım kimi dəyərləndirərək, prosesin bazarın sözügedən sektorunun dayanıqlılığının təmin olunmasına xidmət etdiyini bildirib. R.Aslanlı “Qiymətli kağızlar haqqında” qanunun ölkənin kapital bazarlarında tənzimləmə mühitini dəyişdirdiyini, həmçinin qanunun tətbiqi çərçivəsində alt-normativ bazanın hazırlandığını, avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin yaxın zamanlarda istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən SECO-nun Cənubi Qafqaz üzrə regional direktor müavini Simona Haberli təmsil etdiyi qurumla Azərbaycan arasında iqtisadi və maliyyə sahəsində möhkəm əməkdaşlığa diqqət çəkərək, bu münasibətlərin gələcəkdə də inkişafı üçün geniş potensialın olduğunu qeyd edib.

Görüşdə iştirak edən SECO-nun makroiqtisadi yardım şöbəsinin direktor müavini Yonas Frank qiymətli kağızlar üzrə qanunvericilik bazasında edilən dəyişilikləri yüksək qiymətləndirib və qanunun icrasının kapital bazarlarının gələcək inkişafına töhfə verəcəyini deyib.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi