Yuxarı

Qeyri-neft sektorunun ÜDM-də payının 71%-ə çatacağı gözlənilir

Bu rəqəm bu ilin 9 ayında 68%-dən çox olub

Bakı. 20 oktyabr. REPORT.AZ/ "İxracın stimullaşdırılması, makroiqtisadi göstəricilərin qorunub saxlanılması üçün ilin əvvəlində manat 34% devalvasiya edib". "Report" xəbər verir ki, bunu "Daha təkmil statistika-daha təkmil həyat" konfransında çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, ilin 9 ayında ÜDM 3,4% artıb və buna qeyri-neft sektorunun inkişafı ilə nail olunub. Ş.Mustafayev dövlət büdcəsinin cari xərclərinin qeyri-neft sektorundan daxilolmalar hesabına qarşılanmasının nəzərdə tutulduğunu xatırladıb:

"Cənab Prezident dünən xüsusi lisenziyaların verilməsilə bağlı qərar qəbul edib və qərara görə, xüsusi lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" vasitəsilə veriləcək. Ölkə başçısı 9 ayın yekunu ilə bağlı Nazirlər Kabinetinin iclasında sahibkarlığın inkişafı ilə bağlı xüsusi göstəriş verib. Hesab edirəm ki, bu qərarlar inqilabi qərarlardır".

Nazir həmçinin qeyri-neft sektorunun ÜDM-də payının ildən-ilə artdığını deyib: 

"Qeyri-neft sektorunun ÜDM-də payı bu ilin 9 ayında 68%-dən çox olub. Gələn il isə bu rəqəmin 71%-ə çatacağı gözlənilir".

Ş.Mustafayev gələn il görüləcək tədbirlər sırasında ixracın təşviq edilməsi ilə bağlı işlərin əhəmiyyətli yer tutuduğunu deyib: "Ölkə Prezidentinin tapşırığı ilə Azərbaycan üçün əhəmiyyətli yerlərdə logistika mərkəzləri açılmalıdır. Onlardan biri artıq Qazaxıstanın Aktau şəhərində tikilib və gələn il açılacaq"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi