Yuxarı
    Bağlamaq

    Qətərin kral ailəsi "Deutsche Bank"da payını artırmaq istəyir

    Hazırda kral ailəsinin Bankda payı 10%-ə yaxındır

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Qətər Əmirliyinin kral ailəsi Almaniyanın "Deutsche Bank"ındakı payını 25%-ə çatdırmaq imkanlarını araşdırır. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Qətərin keçmiş baş naziri Hamad bin Casem əl Tani Bankda olan payını artırmaq istədiyini bildirib. Lakin bununla bağlı hələ yekun qərar qəbul olunmayıb. Xatırladaq ki, Qətərin kral ailəsi ilk dəfə "Deutsche Bank"ın səhmlərini 2014-cü ildə alıb. Hazırda onlar 10%-ə yaxın payla Bankın ən iri səhmdarındandır.

    Xatırladaq ki, hazırda ABŞ Ədliyyə Nazirliyi tərəfindən "Deutsche Bank"a qarşı 14 mlrd. ABŞ dolları həcmində kompensasiya tələbi ilə iddia qaldırılıb. Buna səbəb Bankın şişirdilmiş hesabatları səbəbindən ABŞ-da yaranan maliyyə böhranıdır. Çətin maliyyə vəziyyətində olan Bank Almaniya hökumətinin dəstəyindən istifadə etməməklə mövcud situasiyadan xarici investorların köməyi ilə çıxmağı planlaşdırır. Belə ki, Avropa Mərkəzi Bankı (ECB) Avrozonada yerləşən kommersiya banklarına çətin maliyyə vəziyyətində kömək etmək prinsipini qəbul etmir və bankları maliyyə normativlərinə riayət etməyə çağırır.

    Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun investisiya aktivlərində 180 mln. dollar həcmində "Deutsche Bank"ın istiqrazları var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi