​QDTİB-nin yaxın 4 ildə Azərbaycanın maliyyə sektoruna ayıracağı kreditlər əsasən real sektora yönəldiləcək

​QDTİB-nin yaxın 4 ildə Azərbaycanın maliyyə sektoruna ayıracağı kreditlər əsasən real sektora yönəldiləcək Azərbaycanın maliyyə naziri Qara Dəniz Ticarət və İnkişaf Bankının prezidentini qəbul edib
Maliyyə
17 Dekabr , 2014 13:15
​QDTİB-nin yaxın 4 ildə Azərbaycanın maliyyə sektoruna ayıracağı kreditlər əsasən real sektora yönəldiləcək

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə "Report"a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın Azərbaycan üzrə hazırlayacağı 2015-2018-ci illər üçün ölkə strategiyasında prioritetlərin müəyyənləşdirilməsi və onların ölkənin sosial-iqtisadi siyasətinə uyğunlaşdırılması müzakirə olunub.

Azərbaycanın cari iqtisadi vəziyyəti barədə qonaqları məlumatlandıran S.Şərifov 2014-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, hökumətin əsas inkişaf məqsədlərindən bəhs edib, qeyri-neft sektorunun inkişafının qarşıdakı illərdə də prioritet qalacağını vurğulayıb. Nazir QDTİB-in ölkədə real sektorla birbaşa əməkdaşlığa üstünlük verərək qeyri-neft sektorunun inkişafını və yerli istehsalı dəstəkləməklə əldə olunan nailiyyətlərə daha çox töhfə verə biləcəyini deyib.

Etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-ın bundan sonra da hökumətlə uğurlu əməkdaşlığı davam etdirəcəyini vurğulayan İ.Delikanlı bildirib ki, 2015-2018-ci illər üçün ölkə üzrə milli strategiyada maliyyə sektoruna ayrılan kreditlərin əsasən real sektora yönəldilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, yerli istehsalın, kiçik və orta sahibkarlığın, ticarətin birbaşa maliyyələşdirilməsinə diqqət yetiriləcək.

Görüşdə həmçinin, Azərbaycan ilə QDTİB arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda Bankın nizamnamə kapitalı 3,0 mlrd. avro, səhm kapitalı isə 2,0 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5% paya malikdir. Bank fəaliyyətə başlayandan bugünədək Azərbaycanda özəl sektora 35 layihənin icrasına 220 mln. avro məbləğində kredit ayırıb ki, bu da Bankın əməliyyatlar portfelində 7,4% təşkil edir.

Son xəbərlər

Orphus sistemi