Yuxarı

Proqnoz: Qızılın ucuzlaşması ilin sonunadək davam edəcək

Ortamüddətli perspektivdə isə qızılın qiyməti hətta 900 dollar/unsiyaya düşə bilər

Bakı. 25 avqust. REPORT.AZ/ Qızılın unsiyasının qiyməti dünən, avqustun 24-də qlobal əmtəə bazarında böyük investorlardan birinin satışa başlaması ilə düşməyə davam edib. "Report", "Vestifinance" saytına istinadən xəbər verir ki, qısa zaman ərzində 1,5 mlrd. ABŞ dolları dəyərində 10 min qızıl müqaviləsi satan investor dəyərli metalın qiymətini 10 dollar/unsiya aşağı salmağa müvəffəq olub. Mütəxəssislər, bir dəfədə bu qədər böyük məbləğdə qızıl müqaviləsi satışının həyata keçirilməsini ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Cannet Yellenin sabah ənənəvi illik simpoziumda uçot dərəcəsinin sentyabrda artırılmasını dəstəkləyəcək açıqlamaların həyata keçirilməsi ehtimalı ilə izah edirlər. 

Qeyd edək ki, qızılın unsiyasının qiyməti avqustun 2-də 1 366 dollar səviyyəsindən azalmağa başlayıb və hazırda 1 327 dollara satılır. İlin ən maksimal qiyməti isə iyulun 1-də (1 375 dollar/unsiya) qeydə alınıb. Hazırda qızıl ilin maksimal həddən 3,5% aşağı satılır. Qızılın 2016-cı ildə minimal qiyməti isə yanvarın 1-də (1 063 dolla/unsiya) olub ki, hazırda qızıl bu səviyyədən 24,8% yuxarı satılır.

"Report"un analitik qrupu qızılın qiymətinin bu ilin qalan hissəsində azalmağa davam edəcəyini, hətta 1 100 dollar/unsiyaya qədər azalacağını proqnozlaşdırır. FES-in uçot dərəcəsini artırma trendinə davam etməsi fonunda qızıl maliyyə aktivi kimi cazibəsini itirəcək. Ortamüddətli perspektivdə isə qızılın 900 dollar/unsiyaya qədər ucuzlaşması ehtimalı böyükdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi