Yuxarı
    Bağlamaq

    Proqnoz: ​ABŞ gələn il mənfi uçot dərəcəsinə keçə bilər

    Report: Nəticədə, dünya iqtisadiyyatı uzunmüddətli resessiya və deflyasiya ilə üzləşəcək

    Bakı. 17 iyun. REPORT.AZ/ Dünyada güclənən deflyasiya dalğası dövlət istiqrazlarının gəlirliyinin 0%, hətta neqativ zonaya düşməsinə səbəb olub. ABŞ Federal Ehtiyat Sistemi (FES) uzun müddətdir bu tendensiyadan kənarda qala bilsə də, getdikcə bu ölkənin istiqrazlarının gəlirliyi azalır. 

    "Report" xəbər verir ki, hazırda ABŞ dövlət istiqrazaları üzrə gəlirlik Avrozona və Yaponiyadan fərqli olaraq müsbətdir. Məhz bu səbəbdən investorlar Avropa və Yaponiya dövlət istiqrazlarından və qlobal maliyyə böhranı fonunda riskli aktivlərdən imtina edərək kütləvi şəkildə ABŞ dövlət istiqrazlarını almağa başlayıb. İstiqrazlara olan tələb onların qiymətinin yüksəlməsinə və nəticədə, gəlirliyinin azalmasına səbəb olub. 

    Bununla yanaşı, FES-in uçot dərəcəsini artırması ilə bağlı ehtimallar zəifləyib və hazırda investorlar FES-in nə zaman uçot dərəcəsini aşağı salacağını müzakirə etməyə başlayıb. Təbii ki, ABŞ istiqrazlarının yalnız gəlirliyi investorları cəlb etmir, dünya fond birjalarının dinamikası bu prosesi daha da sürətləndirib. 

    Xatırladaq ki, FES ölkə iqtisadiyyatını canlandırmaq və maliyyə bazarlarını likvidliklə təmin etmək məqsədilə iki dəfə monetar ekspansiya həyata keçirib. Hər iki halda fond birjaları qısamüddətli artımla üzləşib və sonradan azalma başlayıb. Hazırda fond birjalarının vəziyyəti qənaətbəxş görünmür, şirkətlərin mənfəəti azalır, iqtisadi perspektivlər müsbət heç nə vəd etmir. Bu da investorları istiqrazlara yönəldir. Artıq FES-in sərəncamında iqtisadiyyatın canlandırılması üçün heç bir stimullaşdırıcı alət qalmayıb. Artıq investorlar FES-in uçot dərəcəsini artırmasına şübhə ilə yanaşır.

    "Report"un analitik qrupu hesab edir ki, ABŞ-da uçot dərəcəsinin 0% və ya mənfi zonaya keçməsi qlobal maliyyə bazarlarında qeyri-müəyyənliklə müşahidə olunacaq. Nəticədə, dünya iqtisadiyyatı uzunmüddətli resessiya və deflyasiya ilə üzləşəcək. Əmtəə qiymətləri azalacaq, fond indeksləri enəcək, valyuta məzənnələri xaotik hərəkət edəcək. Yaxın gələcəkdə ABŞ-dan gələn iqtisadi göstəricilər diqqətlə izlənilməlidir. Mərkəzi bankların gəlirləri yaxın illərdə azalma nümayiş etdirəcək, bəzən isə hətta zərərə səbəb olacaq. İstər korporativ və dövlət istiqrazları, istərsə də fond bazarı səhmləri və digər aktivlər üzrə azalma proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi