Yuxarı
    Bağlamaq

    ​Prezident: "2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq"

    Biz bunu bilməliyik

    Bakı. 7 oktyabr. REPORT.AZ/ "2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm".

    "Report" xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Göyçayda Rayon Mərkəzi Xəstəxanasının binasında yaradılan şəraitlə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.

    "On il bundan əvvəl birinci regional inkişaf proqramı icra olunanda demişdim ki, hər bir şəhərdə ən müasir standartlara cavab verən xəstəxana, ya diaqnostika mərkəzi, tibb ocağı olmalıdır. İndi nəinki Bakıda, hər bir rayonda belə gözəl tibb mərkəzləri var.

    Bu gün Ucarda rayon xəstəxanasının açılışında iştirak etdim, indi isə Göyçayda. Demək olar, elə bir şəhər yoxdur ki, orada müasir tibb ocağı olmasın. Mənə verilən məlumata görə, burada yüzlərlə tibb işçisi çalışır. Bu da iş yerləri deməkdir. Əminəm ki, xəstələrə gözəl xidmət göstəriləcək. Müalicə almaq üçün Bakıya getməyə ehtiyac qalmır. Əminəm ki, siz həkimlər xəstələrə yaxşı baxacaqsınız və onlar burada şəfa tapacaqlar", - deyə İlham Əliyev vurğulayıb.

    Prezident, xüsusilə doğum şöbəsinin onu çox sevindirdiyini diqqətə çatdırıb:

    "Çünki son vaxtlar bu sahəyə çox böyük diqqət göstərilir. Aparılan islahatlar nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb, ana ölümü də həmçinin. Ona görə müasir doğum evlərinin, doğum şöbələrinin yaradılması bu sahədə işimizi daha da qabağa aparacaq. Çünki hələ sovet dövründə Azərbaycanda uşaq ölümünün səviyyəsi digər respublikalarla müqayisədə yüksək idi. Biz isə son illər ərzində bu statistikanı kəskin şəkildə aşağı salmışıq. Növbəti illərdə biz inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Çünki buna nail olmaq üçün bütün imkanlar var. İlk növbədə, səhiyyənin maddi-texniki bazası yaradılıb. Demək olar ki, sıfırdan yaradılıb, Bakıda və bütün bölgələrdə".

    Dövlət başçısının sözlərinə görə, indi həkimlər öz peşəkarlıqlarını artırırlar, təkmilləşmə prosesi gedir, müasir avadanlıq var.

    "Azərbaycanda səhiyyə sahəsində əldə edilmiş nəticələrin əsaslı səbəbləri var. Bu da maddi-texniki bazanın möhkəmləndirilməsi və səhiyyənin keyfiyyətcə yeni pilləyə qalxmasıdır.

    İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var. Ancaq insan sağlamlığı üçün təkcə tibbi xidmət kifayət etməz. Digər şərtlər də olmalıdır. O şərtlər də artıq var", - deyə prezident qeyd edib.

    İlham Əliyev bildirib ki, "bu gün biz Göyçayda içməli su layihəsinin açılışını qeyd etdik. Təmiz içməli su artıq bir müddətdir ki, əhaliyə verilir. Bütün şəhər şəbəkəyə qoşulub. Uzun illər ciddi problem kimi qalan içməli su problemi artıq aradan götürülüb. Digər bölgələrdə olduğu kimi, bu gün biz Ucar şəhərində də içməli su layihəsinin açılışını qeyd etdik".

    "Bildiyiniz kimi, son aylar ərzində görülmüş tədbirlər nəticəsində dərman preparatları bazarında da müsbətə doğru çox ciddi dönüş yaranıb. İnsanlar artıq bunu gündəlik həyatlarında hiss etməyə başlayıblar. Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşüb. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb", - deyə dövlət başçısı bildirib.

    O qeyd edib ki, "biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var".

    "Beləliklə, Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Sosial sahə nə deməkdir? İnsanları narahat edən, onları maraqlandıran, problemlərini həll edən bir sahədir. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olub, - il artıq başa çatır, - heç bir sosial proqramda yubanma olmayıb. Əksinə, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə belə gözəl xəstəxanalar açılır", - deyə İlham Əliyev vurğulayıb.

    Prezident bildirib ki, "bu yaxınlarda mən Ağsu rayonunda səfərdə idim. Gördüm ki, vaxtilə orada mənim təşəbbüsümlə başlanmış xəstəxana binasının tikintisi yarımçıq qalıb. Maraqlandım, dedilər, vəsait problemdir, yəni, yoxdur. Bakıya qayıdan kimi dərhal Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 10 milyon manat vəsait ayrıldı ki, orada o işlər başa çatsın. Yəni, güclü iradə olan yerdə hər şey etmək mümkündür. Xəstəxanalar, məktəblər, uşaq bağçaları, digər sosial obyektlər, təbii ki, infrastruktur layihələri, içməli su, qazlaşdırma - budur insanların normal həyatı üçün lazım olan əsas amillər".

    "İndi mənə verilən məlumata görə, Göyçayda ilin sonuna qədər qazlaşdırma 96 faizə çatacaq. Heç Azərbaycan üzrə qazlaşdırma 96 faizə çatmayıb. Hazırda təxminən 60 faiz səviyyəsindədir, 96 faizə çatacaq", - deyə o qeyd edib.

    İlham Əliyev infrastruktur sektoruna qoyulan vəsaitin büdcəyə qayıtma ehtimalının çox az, demək olar ki, sıfıra bərabər olduğunu bildirib:

    "Kənd yolları tikilir. Bu gün Ucar-Göyçay avtomobil yolunun açılışını qeyd etdik. Siz də yəqin ki, tez-tez o yoldan istifadə edirsiniz, indi o fərqi görürsünüz. Bütün bunlar böyük vəsait tələb edən layihələrdir. İnfrastruktur sektoruna qoyulan vəsaitin büdcəyə qayıtma ehtimalı çox azdır, demək olar ki, sıfıra bərabərdir. Biz bunu nə üçün edirik? İlk növbədə insanlar üçün. Digər tərəfdən, ölkəmizin inkişafı üçün. Ona görə regional inkişaf proqramı əgər 2004-cü ildə qəbul olunmasaydı, bəlkə də bu işlərin böyük əksəriyyəti heç görülməzdi. Çünki biz bütün işləri planlı şəkildə aparırıq. Birinci regional inkişaf proqramında əsas məsələlər öz əksini tapmışdı. Bu proqram artıqlaması ilə icra edildi. İkinci proqram 2009-cu ildə qəbul edildi, icra olundu. Üçüncü proqram artıq icradadır, 2018-ci ildə başa çatacaq. O vaxta qədər bütün infrastruktur məsələləri, sosial məsələlər artıq başa çatacaq. Yəni, normal inkişaf üçün əsas şərtlər artıq təmin edilir".

    "Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq", - deyə dövlət başçısı çıxışını yekunlaşdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi