Yuxarı

​Platinin qiyməti son 6,5 ildə ən minimal həddə düşüb

Platinin qiyməti 1 000 dollar/unsiya səviyyəsindən aşağı enib

Bakı. 17 iyul. REPORT.AZ/ Dünya bazarında platinin qiyməti son 6,5 ildə ilk dəfə olaraq 1 000 dollar/unsiya həddindən aşağı düşüb. Qiymətli metal iyulun əvvəlindən etibarən 7% ucuzlaşıb və bu gün 997,5 dollar/unsiyaya satılıb. "Report" xəbər verir ki, qiymətli metallar bazarına mənfi təsir ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalı və bunun nəticəsində kredit resurslarının bahalaşması gözləntiləri ilə əlaqələndirilir.

Qeyd edək ki, qiymətli metallara tələbat dünyada, xüsusən də ən iri alıcı olan Çində azalır. Bu da əsasən son zamanlar hasilatın artması və təklifin çoxalması ilə izah olunur. "Marex Spektron" investisiya fondunun qiymətli metallar üzrə strateji analitiki Devid Qovet bildirib ki, Çin və Avropada avtomobil bazarı ilə əlaqədar mənfi proqnozlar da platinin ucuzlaşmasına səbəb olub".

Qiymətin azalması dünyanın ən böyük platin istehsalçısı olan "Anglo American Platinium" (Amplats) şirkətinin səhmlərinin ilin əvvəlindən 20% ucuzlaşmasına səbəb olub. "Lonmin" şirkətinin səhmləri isə eyni vaxtda 50% dəyərdən düşüb. Ekspertlər hesab edirlər ki, platinin qiymətinin düşməsi hələ davam edəcək. Çünki platin hasilatının maya dəyəri 350 dollar/unsiya təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi