Yuxarı

"PAŞA Bank" Türkiyənin iri bankında pay alıb

PAŞA Banka TAİB Bankın səhmlərinin əksər hissəsini almasına rəsmən icazə verilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BTNQ) Azərbaycanın "PAŞA Bank" ASC-yə "Aksoy Holdinq"ə məxsus "TAİB Bank"ın səhmlərinin əksər hissəsinin satın almasına rəsmən icazə verib.

"Report"un məlumatına görə, "PAŞA Bank" Türkiyədəki fəaliyyətini regional ticarətin inkişaf etdiyi və investisiya axınlarının intensivləşdiyi bir zamanın verdiyi imkanlar üzərində quracaq: "Biznesin şəffaflığı və səmərəliliyi prinsiplərinə sadiq qalaraq Bank öz hədəflərini kommersiya, investisiya və özəl bankçılıq müştərilərinə xidmət göstərməyə yönəldəcək. Azərbaycan, Türkiyə və Gürcüstan arasında aktiv iqtisadi fəaliyyəti və mövcud investisiya potensialını nəzərə alaraq, "PAŞA Bank"ın rəhbərliyi Türkiyə bazarına daxil olmanın Bankın müştərilərinin maraqlarına cavab verdiyinə əmindir".

"Hesab edirik ki, Türkiyə bazarı Azərbaycan, Gürcüstan və ümumiyyətlə regionun digər ölkələrində sərmayə qoyuluşu imkanlarını axtaran kiçik və orta sahibkarlar üçün böyük potensiala malikdir. Eyni zamanda, düşünürük ki, Türkiyədəki layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan sərmayələrinin cəlb edilməsi də Türk bazarında maraq doğuracaq ki, biz də bu prosesdə vasitəçi olmaq istəyirik", - deyə "PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

"Aksoy Holdinq"in baş icraçı direktoru, İdarə Heyətinin sədr müavini Batu Aksoy bildirib ki, Azərbaycandan yeni birbaşa xarici investor gətirməkdən qürur duyurlar: "Əminik ki, tərəfdaşlığımız nəticəsində həm Türkiyədə, həm də bölgədə böyümək istəyən müəssisələr üçün müvəffəqiyyətli və sağlam təməlləri olan bir korporativ bankçılıq platforması təqdim edəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi