Yuxarı
    Bağlamaq

    "PAŞA Kapital": İnsanlar qiymətli kağızlara daha çox sağlam investisiya aləti kimi baxırlar - VİDEO

    Fond bazarında baş verən dəyişikliklər barədə sualları PAŞA Kapital investisiya şirkətinin direktor müavini Mirsəyyad Mahmudov cavablandırıb

    Bakı. 2 iyun. REPORT.AZ/ "Report" İnformasiya Agentliyi “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktor müavini Mirsəyyad Mahmudovla müsahibəni təqdim edir. O, Azərbaycanın fond bazarında baş verən dəyişikliklər barədə sualları cavablandırıb. 

    - Mirsəyyad müəllim, uzun müddət idi ki, qiymətli kağızlar bazarında aktivlik aşağı səviyyədə idi. Bazarda əksər əməliyyatlar əsasən bu sahədən məlumatlı olan azsaylı insanlar arasında baş tuturdu. İndi necə, bazar aktivləşibmi?

    - Qeyd etdiyiniz kimi, əsas iştirakçılar uzun müddətdən bəri bazarı tanıyıb-bilənlərdən, əksər hallarda banklar və digər maliyyə institutlarından ibarət idi, bazarda aparılan əməliyyatların böyük hissəsi bu müştərilərin payına düşürdü. Lakin daha sonra iqtisadiyyatımızda baş verən son dəyişikliklər, devalvasiya, bir neçə bankın bağlanması və bəzi insanların orda vəsaitlərini itirməsindən sonra insanlar alternativ investisiya alətlərini araşdırmağa və alternativ investisiya imkanlarına üstünlük verməyə başladılar. Bu yolla onlar öz risklərini diversifikasiya etmək istədilər və klassik bank məhsullarına alternativ axtarmağa başladılar. Bu zaman da qiymətli kağızlar bazarı bir növ populyarlaşmağa başladı, lakin, təbii ki, indiki vəziyyətdə belə arzuolunan səviyyədə deyil. Lakin bazarda son illərə baxanda, artıq 2016-2017-ci illərdə müəyyən dəyişikliklər var və yeni iştirakçılar bazara yavaş-yavaş gəlməyə başlayır.

    - Sizcə, bu aktivləşmənin səbəbi nədir?

    - Bu aktivləşmənin səbəbi, məncə, iqtisadiyyatın inkişafı, inkişafın yeni fazaya keçməsi və belə deyək, insanların artıq klassik bank məhsullarından deyil də, daha alternativ, daha gəlirli, daha az riskli və yaxud da özlərinin idarə edə biləcəyi məhsullara maraq və tələbatın yaranmasından irəli gəlib.

    - Qiymətli kağızların alıcıları əsasən kimlərdir? Əməliyyatlar kimlər arasında daha çox baş tutur – fiziki şəxslər, yoxsa hüquqi şəxslər?

    - Hələ də qiymətli kağızlar bazarının ən aktiv iştirakçıları əsasən bank olmayan maliyyə institutlarıdır. Amma sevindirici hal ondan ibarətdir ki, onların aktivliyi, bazar payları getdikcə azalmağa başlayır. Bazara fiziki şəxslər də daxil olmağa başlayıb artıq, qeyri-maliyyə qurumlarının da marağı yaranmaqdadır. Onlar bank məhsullarını və qiymətli kağızların onlara verdiyi gəlirləri və imkanları açıq şəkildə müqayisə edir, yavaş-yavaş da bu bazara daxil olmağa başlayırlar.

    - Hazırda qiymətli kağızlar bazarında ən çox alınıb-satılan kağız hansıdır?

    - Bu, xarici valyutada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarıdır, milli valyutada isə Maliyyə Nazirliyinin buraxdığı istiqrazlardır.

    - SOCAR istiqrazlarına olan marağın başlıca səbəbi nədir?

    - Bu kağızlar ölkənin aparıcı şirkətinə məxsusdur və, səhv etmirəmsə, yerli bazarda reytinqli və qeyri-maliyyə qurumu olan heç bir şirkət istiqraz emissiya etməmişdi. SOCAR-ın bu formada xarici valyutada istiqraz buraxması bazarda müəyyən dəyişikliklər yaratdı. Belə ki, banklarda və digər maliyyə qurumlarında çox böyük dollar likvidliyi var idi və buna görə də dollar depozitlərinin faizi çox aşağıydı və bu zaman SOCAR İstiqrazları meydana çıxdı, SOCAR bazara daxil oldu. Onlar bazarın böyük hissəsini, hüquqi və fiziki şəxsləri özlərinə cəlb etməyi bacardılar. SOCAR istiqrazlarının əsas üstünlükləri ondan ibarət idi ki, bu alət dollarda buraxılmışdı, kifayət qədər yüksək gəlirlilik təklif edir və likvidliyi təmin olunurdu. Yəni, insanlar istiqrazın müddətinin 5 il olmasına baxmayaraq, qısamüddətli investisiyalarını SOCAR istiqrazları vasitəsilə həyata keçirə bilirdilər.

    - SOCAR istiqrazlarının əsas üstünlükləri, onları başqa alətlərdən fərqləndirən əsas cəhətləri hansılardır?

    - Qeyd etdiyim kimi, onun likvidliyi, likvidliyindən əlavə belə deyək, bazarda likvid alətlər olub, amma praktikada SOCAR-ın likvidliyinin fərqliliyi ondan ibarətdir ki, SOCAR investorlarına istiqrazları nominaldan daha aşağı qiymətlə almayacağına dair təminat verib. Bu da insanlarda ciddi bir rahatlıq yaradır. Əsas fərqlərindən biri budur. Əlavə olaraq, təbii ki, dollarda yüksək gəlirlilik təklif etməsi.

    Adətən, hansısa emitent valyutada yüksək gəlirlilik təklif edirsə, o zaman ortada iki hal var deməkdir: ya bu çox qeyri-sağlam emitentdir, təcili şəkildə vəsaitə ehtiyacı var və bu formada insanlardan vəsait cəlb etmək istəyir, ya da ki bu çox sağlam emitentdir. Sağlam emitentlər adətən aşağı faizlə istiqraz buraxırlar. SOCAR İstiqrazlarının yüksək faizli olması isə onları daha cəlbedici edir. Baxmayaraq ki, arqumentlər ola bilər ki, bu uzunmüddətli istiqrazlardır, yüksək faizlə olması normaldır. Lakin SOCAR-ın geri alış qarantiyası verməsi müddət arqumentini aradan qaldırır. Ona görə belə düşünmək olar ki, SOCAR bir növ bazarın inkişafı üçün öz maddi maraqlarının müəyyən hissəsini bazara qurban verib.

    - Qiymətli kağızlara investisiya edənlərin əsas məqsədi pullarını artırmaqdan ibarətdir, yoxsa pullarını etibarlı yerdə saxlamaq?

    - Siz bu sualı mənə 6 ay əvvəl versəydiniz, deyərdim ki, sadəcə pullarını saxlamaq. Lakin indiki dövrdə müəyyən stabillik yarandığı üçün insanlar qiymətli kağızlara hal-hazırda daha çox sağlam investisiya aləti kimi baxırlar. Onlar, təbii ki, bu sahədə investisiya edib, öz kapitallarını etibarlı surətdə saxlamaq və gəlir əldə etmək istəyirlər. Yəni, gəlir qazanmaq məqsədi də var investorlarda.

    - Ümumiyyətlə, qiymətli kağızlar bazarında əsas risklər hansılardır?

    - Qiymətli kağızlar bazarının əsas riskləri dedikdə, bunun digər maliyyə qurumlarına, banklara edilən invesitisiyalardan heç bir fərqi yoxdur. Riskin dərəcəsi sadəcə olaraq sizin investisiya elədiyiniz qurumun reytinqindən asılıdır. Ona görə də hər hansısa yerə investsiya etməzdən əvvəl düzgün insanlarla danışıb, düzgün analizlər aparmaq lazımdır və çalışmaq lazımdır ki, maliyyə savadlılığına diqqət yetirilsin, şirkətin imici haqqında araşdırmalar aparılsın. Başqa qeyri-adi bir risk yoxdur, təbii ki, əgər bu törəmə alətlər ilə ticarət deyil və birbaşa investisiya borc alətləridirsə, yaxud da kapital investisiyalarıdırsa, o zaman bu sadəcə borc verdiyiniz şirkətin riskidir.

    - Sizcə, əhalinin qiymətli kağızlara marağını artırmaq üçün hansı addımlar atılmalıdır və hansı qiymətli kağızların buraxılması daha məqsədəuyğun sayılır?

    - Bazara marağın artırılması üçün ilk növbədə əhalini, investorlarımızı bazar haqqında məlumatlandırmaq lazımdır. Bazar haqqında, düzdür, insanların məlumatları artır, SOCAR-ın apardığı marketinq siyasətində müəyyən maarifləndirmə işləri oldu, amma bu kifayət deyil. Daha çox maariflənmə olmalıdır, daha çox məlumat verilməlidir insanlara, üstünlükləri göstərilməlidir bu bazarın. O ki qaldı emitentlərə, hal-hazırda, mənim fikrimcə, valyutada və yaxud manatda qısa və ya ortamüddətli emitentlərin bazara gəlməsi bazarın inkişafı üçün daha yaxşı olardı, bazarın inkişafı üçün müəyyən təkan vermiş olardı bu hadisə. Qeyd etdiyimiz kimi, hal-hazırda iki aktiv istiqraz, iki aktiv emitent var: bunlar Maliyyə Nazirliyi və SOCAR-dır. Bu iki emitent, təbii ki, bazarda müəyyən aktivlik yaradırlar, lakin bu kifayət deyil. Təkmil bazarın olması üçün gərək onlara alternativlər təqdim olunsun və insanlar başa düşsün ki, mən pulumu A və yaxud B şirkətinə investisiya edəndə nə əldə edəcəm, risklərim nədir. Çünki insanlar klassik bank məhsullarına müraciət etdiklərində onların alternativləri olur, ona görə ki bazarda bir çox banklar var. Amma bizim bazara gəldiyimizdə isə çərçivə bir az daralır. Burda, düzdür, kifayət qədər cəlbedici gəlirlilik olsa da, seçim azdır. Bu, sadəcə Maliyyə Nazirliyidir və SOCAR-dır. Ona görə də bazarda başqa emitentlərin, SOCAR kimi qeyri-maliyyə qurumlarının olması arzuolunandır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi