"PAŞA Həyat" sığorta şirkəti "Finex Group"a investisiyasını artırır

"PAŞA Həyat" sığorta şirkəti "Finex Group"a investisiyasını artırır Şirkət Holdinqə daxil olan daha bir qurumun istiqrazlarını alıb
Maliyyə
8 Noyabr , 2016 14:35
PAŞA Həyat sığorta şirkəti Finex Groupa investisiyasını artırır

Bakı. 8 noyabr. REPORT.AZ/ "PAŞA Həyat Sığorta" ASC "Finex Group"a daxil olan "Finex Credit" ASC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarını alıb. 

Bu barədə "Report"a maliyyə bazarındakı mənbə bildirib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) BOKT-un istiqraz emissiyasını noyabrın 1-də qeydə alıb. Emissiya prospektinə əsasən, hər birinin nominal dəyəri 500 manat olan 200 istiqraz (100 min manatlıq) qapalı üsulla "Bakı Fond Birjası" QSC-də yerləşdirilib. Prosesin anderrayteri qismində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC çıxış edib. 576 gün müddətinə buraxılan istiqrazlar üzrə illik gəlirlilik 17%-dir. Emissiya tam həcmdə "PAŞA Həyat Sığorta" tərəfindən alınıb.

Bu, "PAŞA Həyat Sığorta"nın son 3 ayda "Finex Group"a sayca ikinci investisiya qoyuluşudur. Bundan əvvəl sığorta şirkəti Holdinqə daxil olan "Finance Leasing" ASC-nin 100 min manatlıq və 100 min dollarlıq istiqrazlarını alıb.

Qeyd edək ki, "PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 750 manat olan 7 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "PAŞA Holdinq" MMC-yə məxsusdur. 

"Finex Credit" isə 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 0,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 88%-i "Finance Leasing"ə, qalan 12%-i isə iki fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi