Yuxarı

"PAŞA Həyat" sığorta şirkəti ötən il aktivlərini 83% artırıb

Şirkətin investisiya portfeli 2 dəfə, sığorta ehtiyatları 3 dəfə, kapitalı isə 60% artıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın "PAŞA Həyat" sığorta şirkəti 2014-cü il ərzində əsas maliyyə göstəriciləri üzrə yüksək artıma nail olub. Bu barədə "Report"a şirkətin mətbuat xidmətindən məlumat verilib.

Şirkətin strateji inkişaf üzrə direktoru İsrail Qarayevin sözlərinə görə, ötən il ərzində şirkətin ümumi aktivlərinin həcmi 83,2% artaraq 94,8 mln. manata, investisiya portfeli isə 99,3% artaraq 80,5 mln. manata çatıb.

Bununla yanaşı, qeyd olunan dövrdə şirkətin sığorta ehtiyatlarının həcmi 2,7 dəfə artaraq 46,1 mln. manat, sığorta haqqları 19,7% artaraq 41,9 mln. manat, sığorta ödənişlərinin həcmi isə 2,7 dəfə artaraq 2,9 mln. manat təşkil edib.

İ.Qarayev bildirib ki, 2014-cü il ərzində şirkətin nizamnamə kapitalında da ciddi artım müşahidə olunub. Belə ki, kapitalın həcmi illik müqayisədə 59,7% artaraq 40,25 mln. manata çatdırlıb.

Qeyd edək ki, "PAŞA Holding" Şirkətlər Qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığortası, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi