Yuxarı

"PAŞA Bank": Fərid Axundov bankda işini davam etdirir

Unibanka isə yeni icraçı direktor təyin olunub

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycanın "PAŞA Bank" ASC Bankın İdarə Heyətinin sədri Fərid Axundovun vəzifəsindən ayrılması ilə bağlı yayılan xəbərləri təkzib edib. Bankın mətbuat xidmətindən "Report"a bildirilib ki, Fərid Axundov hazırda Bankın İdarə Heyətinin sədri vəzifəsində işini davam etdirir.

Qeyd edək ki, dünən bəzi KİV-də "PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundovun Azərbaycan Beynəlxalq Bankına (ABB) sədr təyin olunması ilə bağlı xəbərlər yayılıb. ABB-nin səhmdarların ümumi yığıncağında bu təyinatın təsdiqlənəcəyi ilə bağlı xəbərlər yayılsa da, ötən gün keçirilən həmin toplantıda bu məsələ ümumiyyətlə gündəliyə daxil olmayıb.

ABB tərəfindən yayılan məlumatda bildirilib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının aprelin 2-də növbəti ümumi yığıncağı keçirilib. Bankın Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar Bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib və o, tutduğu vəzifədən kənarlaşdırılıb. “Banklar haqqında” qanunun tələblərinə əsasən, İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C.Hacıyev tutduğu vəzifədən azad edilib. Hazırda İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.

Qeyd edək ki, yerli KİV həmçinin, Fərid Axundovun yerinə "PAŞA Bank"ın İdarə Heyətinin sədri vəzifəsinə "Unibank" ASC-nin icraçı direktoru Cəlal Qasımovun təyin olunduğu haqqında da yazı dərc olunub. "Unibank" isə öz növbəsində C.Qasımovun işdən ayrıldığını təsdiqləsə də, C.Qasımovun yeni təyinatı haqqında məlumatsız olduğunu və onun yerinə icraçı direktorun birinci müavini Xalid Əhədovun təyin edildiyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi