Yuxarı

Palata: Bank sektorunun kapital adekvatlığı minimum kapital tələbini 2 dəfədən çox üstələyir

Bank sektorunun kapital adekvatlığı nə qədərdir?

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkil etdiyi "AHK Impuls" tədbirində iştirak edib.

“Report” bu barədə MBNP-yə istinadən xəbər verir.

Məlumata görə, AHK-ya üzv təşkilatların, beynəlxalq maliyyə institutlarının, o cümlədən Bynəlxalq Maliyyə Korporasiyasının, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) , xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin iştirak etdiyi tədbirdə MBNP-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, maliyyə bazarlarının müxtəlif sahələrində, o cümlədən bank sistemi, sığorta sektoru, qiymətli kağızlar bazarı və ödəniş sistemləri sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verib.

Onun sözlərinə görə, ötən müddət ərzində bütövlükdə bank sektoruna 1,8 milyard manat kapital inyeksiyası edilib, sektorun kapital adekvatlığı göstəricisi 24,2% təşkil etməklə, minimum kapital tələbini 2,4 dəfə üstələyib.

İ.Alışov onu da deyib ki, Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq mayın sonuna qədər kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ümumilikdə 600,1 milyon manat həcmində ödənişlər edilmişdir ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edib.

Tədbir iştirakçılarına həmçinin aparılmış islahatlar nəticəsində əldə olunan nailiyyətlər, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin və Özəl Kredit Bürosunun fəaliyyətə başlamasının ölkəmizin “Getting Credit” (“Kredit Əlçatanlığı”) indikatoru üzrə mövqeyinə təsiri (122-ci yerdən 100 pillə irəliləyərək 22-ci yerdə qərarlaşması) haqqında məlumat verilib. Bundan əlavə, Azərbaycanın minoritar səhmdarların hüquqlarının qorunması göstəricisinə görə 8 pillə irəliləyərək 2-ci yerə qalxması bildirilib.

“AHK İmpuls” görüşündə iştirakçılarla maliyyə bazarının müxtəlif sahələri üzrə məhsuldar müzakirələr aparılaraq, investorların və sahibkarların çoxsaylı sualları cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi