Ötən il Azərbaycana bankların sifarişi ilə 60 min ədəd POS-terminal gətirilib

Ötən il Azərbaycana bankların sifarişi ilə 60 min ədəd POS-terminal gətirilib Azərbaycanda bu il nağd əməliyyat aparan bütün müəssisələrdə POS-terminallar quraşdırılacaq
Maliyyə
29 Yanvar , 2015 11:23
Ötən il Azərbaycana bankların sifarişi ilə 60 min ədəd POS-terminal gətirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycana bankların sifarişləri əsasında 60 min ədəd POS-terminal gətirilib. "Report"un məlumatına görə, bunu "Vergilər" qəzetinə müsahibəsində vergilər nazi­ri­nin audit və operativ nə­za­rət sahələri üzrə müşa­viri İlqar Əhmədov deyib.

İ.Əhmədovun sözlərinə görə, ötən il POS-terminalların sayı 2 dəfə artıb: "Xüsusilə, POS-terminalların bir hissəsi "kart vasitəsilə birbaşa təmas olmadan" istifadəni nəzərdə tutan ən müasir qurğulardır ki, son illərdə bunlar daha çox dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilməyə başlanılıb. Ötən il yanvarın 1-də respublikada 31 minə yaxın POS-terminal olduğu halda, artıq bu say 82 mini keçib, il ərzində daha 51 min POS-terminalın quraşdırılması təmin edilib. İndiyədək quraşdırılmış POS-terminalların 64,1%-i Bakı şəhərinin, 35,9%-i isə regionların payına düşür. Keçən il əlavə quraşdırılmış POS-terminalların sayında regionların payı daha çoxdur. Bakı şəhəri üzrə POS-terminalların sayında 1,9 dəfə artım baş verdiyi halda, regionlardakı artım 7,1 dəfə olub. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha fəal həyata keçirilib".

Vergilər Nazirliyinin Mərkəzi Bank və kommersiya bankları ilə birlikdə ölkənin ticarət və xidmət sektorunda ödəmələrin nağdsız qaydada aparılması üçün zəruri infrastrukturun qurulması istiqamətində 2014-cü ilin fevral ayından başlayaraq ciddi tədbirlər həyata keçirdiyini deyən müşavir, Nazirlikdə yaradılmış qərargah tərəfindən POS-terminal quraşdırılmalı olan obyektlərin siyahısının müəyyənləşdirildiyini, onların quraşdırılması üçün həyata keçiriləcək proseslərin xəritəsinin tərtib olunduğunu və banklarla razılaşdırıldığını açıqlayıb. İ.Əhmədov deyib ki, qərargahın üzvləri ilə yanaşı, yerli vergi orqanlarında bu işlə məşğul olacaq məsul şəxslər müəyyən edilib və əlavə işçi qüvvəsi cəlb olunub:

"2014-cü il ərzində bununla bağlı 22,5 mindən çox şəxs fərdi şəkildə məlumatlandırılıb. Ölkə ərazisində POS-terminal vasitəsilə aparılmış əməliyyatların həcmi 2014-cü ilin 11 ayı ərzində 353 mln. manat, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 5,1% çox olub. 2015-ci ildə nağd əməliyyat aparan bütün obyektlərdə POS-terminalların quraşdırılması nəzərdə tutulub", - deyə Nazirlik rəsmisi əlavə edib.

Müşavir qeyd edib ki, Azərbaycanda nağdsız ödəniş sisteminə keçilməsinə imkan verən amillərdən biri ödəniş kartlarının sayının artıq 6 mln.-a çatmasıdır. Mövcud POS-terminalların sayı da nağdsız ödəniş sisteminə keçmək üçün kifayət qədərdir.

Son xəbərlər

Orphus sistemi