​Ötən il Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 422 mln. dollar təşkil edib

​Ötən il Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 422 mln. dollar təşkil edib Bu rəqəm 2012-ci ildə 29,2 mln, 2013-cü ildə 382 mln. dollar olub
Maliyyə
15 May , 2015 05:08
​Ötən il Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsi 422 mln. dollar təşkil edib

Bakı. 15 may. REPORT.AZ/ 2014-cü ildə Azərbaycan və Vyetnam arasında ikitərəfli ticarət dövriyyəsi 422 mln. dollara çatıb.

"Report" xəbər verir ki, bu barədə mayın 14-də Bakıda keçirilən Azərbaycan-Vyetnam biznes forumunda çıxışı zamanı Vyetnam prezidenti Çıonq Tan Şanq məlumat verib.

"Ölkələrimiz arasında iqtisadi sahədə uğurlu əməkdaşlığı çox yüksək dəyərləndirirəm. Son illər ərzində ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. Bu rəqəm 2012-ci ildə 29,2 milyon, 2013-cü ildə 382 milyon dollar olub və nəhayət, 2014-cü ildə 422 milyon dollara çatıb. Hesab edirəm ki, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlərimiz var. Bununla belə, Vyetnam Azərbaycana kənd təsərrüfatı mallarını və digər yüksək rəqabət qabiliyyətli məhsullarını ixrac edə bilər. Azərbaycan isə öz növbəsində, neft emalı sahəsində üstünlüyə malikdir. Bundan başqa, siz bank işi, turizm və digər sahələrə sərmayə yatıra bilərsiniz", - deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, Vyetnam xarici investorlar üçün təhlükəsiz və münasib yerdir. Prezidentin sözlərinə görə, əhalisi 90 milyon nəfər olan Vyetnam Azərbaycan sərmayədarları üçün də çox cəlbedici ola bilər.

"Vyetnam ASEAN regionuna, o cümlədən Asiya–Sakit okean regionu ölkələrinin bazarlarına açılan mühüm qapıdır. Bu, xüsusən azad ticarət sazişlərinin bu yaxınlarda müxtəlif ölkələrlə imzalanacağı baxımından xüsusilə vacibdir. Bu, regionda və bütün dünyada ticarətin inkişafı üçün mühüm əsas ola bilər.

Bu səfər çərçivəsində məni müxtəlif sahələrdə çalışan 45-dən artıq şirkətin nümayəndələri müşayiət edir. Eyni zamanda, bu dəfə onlar üçün son iki gün ərzində və xüsusən də bu gün bir çox şəraitlər yaradılmışdır ki, iş adamlarımız azərbaycanlı tərəfdaşları ilə tanış olsunlar.

Çox ümidvaram ki, bu tədbirlərdən sonra şirkətlərimiz bir-birinin bazarları haqqında daha çox məlumatlara malik olacaq və konkret nəticələr əldə edəcəklər. Mən neft və qaz sahəsində əməkdaşlığın inkişafına xüsusi önəm verirəm. Bir çox neftçilərimiz keçmişdə təhsilini Azərbaycanda alıblar. Hesab edirəm ki, ölkələrimiz arasında iqtisadi münasibətlər baxımından tərəflər bu kimi mühüm sahədə əməkdaşlığı genişləndirməlidirlər", - deyə Çıonq Tan Şanq diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi