Ötən ay SOCAR istiqrazları ilə bağlı rekord həddə əqd bağlanılıb

Ötən ay SOCAR istiqrazları ilə bağlı rekord həddə əqd bağlanılıb Qiymətli kağızların təkrar bazarı üzrə market-meyker fəaliyyətini həyata keçirən “PSG Kapital” yanvar ayının nəticələrini açıqlayıb
Maliyyə
9 Fevral , 2017 10:04
Ötən ay SOCAR istiqrazları ilə bağlı rekord həddə əqd bağlanılıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının təkrar bazarı üzrə market-meyker fəaliyyətini həyata keçirən “PSG Kapital” investisiya şirkəti yanvar ayının nəticələrini açıqlayıb.

Şirkətdən “Report”a verilən məlumatlardan məlum olur ki, ötən ay istiqrazlara yalnız yeni müştərilərin marağı artmayıb. İndiyə qədər istiqraz sahibi olanlar da yenidən qiymətli kağızları əldə etməyə başlayıblar.

SOCAR istiqrazlarının dörviyyəyə buraxılmasından keçən 3 ay ərzində hər iki istiqrazdan biri təkrar bazarda alınıb-satılıb. Son nəticədə təkrar bazarda ümumi dəyəri 50 mln. ABŞ dollarından artıq alqı-satqı həyata keçirilib. Təkcə yanvar ayında 16,5 mln. dollarlıq SOCAR istiqrazlarının alqı-satqısı üzrə 82 əqd bağlanıb. İstiqraz alanların 72%-ni yeni müştərilər, 28%-ni isə köhnə müştərilər, yəni artıq istiqrazı olanlar təşkil edib.

“PSG Kapital”ın nümayəndəsi İkram Səfərəliyev bildirib ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişindən sonra qiymətli kağızlara maraq artmaqda davam edir: “Xüsusilə fiziki şəxslərin istiqrazlara marağı daha da artıb”.

Xatırladaq ki, ilk faizlər yanvarın 17-də, ümumilikdə 1,25 mln. dollar olmaqla ödənilib.

Yanvarda istiqraz almaq istəyən əcnəbilərin sayında da artım müşahidə olunub. SOCAR istiqrazlarının təkrar bazarında əsasən Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan vətəndaşları aktivlik göstəriblər.

Xatırladaq ki, daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları ötən ilin oktyabr ayında dövriyyəyə buraxılıb. İstiqrazlar 100 mln. dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirliklə emissiya edilib. İlkin olaraq abunə yazılışı yolu ilə satılan istiqrazlara investorlar tərəfindən tələbat 2 dəfə artıq olub. Oktyabrın 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanıb. Faiz ödənişləri ildə 4 dəfə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi