Yuxarı

​Norveç Mərkəzi Bankı uçot dərəcələrini azalda bilər

Kron son iki ildə 48% ucuzlaşıb

Bakı. 19 fevral. REPORT.AZ/ Norveç Mərkəzi Bankının (Norges Bank) sədri Oeysteyn Olsen uçot dərəcələrini azaltmağı düşündüklərini açıqlayıb. "Report" "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, Norveç Mərkəzi Bankının rəhbərliyi neft qiymətlərinin kəskin azalması səbəbindən bu il Rifah Fondundan 10 mlrd. dollar xərcləyəcəklərini bildirib. 

O.Olsenin açıqlamalarına görə, azalan neft qiymətləri Norveçin gəlirlərini ciddi şəkildə azaldıb: Rifah Fondunun 810 mlrd. dollar həcmində vəsaitə sahib olmasına baxmayaraq, Fondun aktivlərində artım gözlənilmir və bu da xərclərin artırılmasını məhdudlaşdırır. Neft gəlirlərinin azalması fonunda Norveç Rifah Fondundan daha çox vəsait çəlb etmək məcburiyyəti ilə üzləşib. Oktyabr ayında büdcə kəsirinin örtülməsinə Rifah Fondundan əlavə 4,9 mlrd. kron (570 mln. dollar) vəsait cəlb edilib. O zamandan bəri 32% azalan neft qiymətləri 30 dollar/barelə qədər endiyindən büdcə kəsirinin örtülməsi üçün 80 mlrd. kron (9,3 mlrd. dollar) vəsaitə ehtiyac olacaq". 

Qeyd edək ki, Rifah Fondunun illik mənfəəti 200 mlrd. kron və ya 23,2 mlrd. dollara yaxındır. Bu da fonda hər hansı büdcə kəsirini örtməyə imkan verir. Amma buna baxmayaraq, Norveç iqtisadiyyatı 2015-ci ilin III rübündə dəyişməyib və IV rübdə sadəcə 0,1% artıb. Bu da Norges Bankın uçot dərəcələrini iki dəfə azaldaraq 0,75%-ə endirməsinə səbəb olub. 

O.Olsen deyib ki, hazırda uçot dərəcələrinin 0,25%-ə endirilməsi fikri üzərində fikir mübadiləsi aparılır. Bundan əlavə, zəif kron da iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Belə ki, Norveç kronu 2014-cü ilin may ayından etibarən dollarla müqayisədə 45,8% ucuzlaşaraq 8,60 səviyyəsinə geriləyib.

"Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin kəskin azalması fonunda Azərbaycanda da uçot dərəcələrinin azaldılması vacibdir. Amma buna baxmayaraq, keçən həftə Azərbaycan Mərkəzi Bankı uçot dərəcələrini 3%-dən 5%-ə artırıb. bu da iqtisadi aktivliyin sürətlənməsinə əngəl yarada bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi