Yuxarı

"Nikoil Bank" filial şəbəkəsini genişləndirir

Bank gələn il 3 illik strateji inkişaf planının hazırlanmasına başlayacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC cari ilin yanvar-oktyabr ayları ərzində təxminən 6 mln. manat həcmində gəlir əldə edib, bu da əvvəlki ilə nisbətən iki dəfə çoxdur. "Report"un verdiyi xəbərə görə, bu barədə "Nikoil Bank"ın İdarə Heyətinin sədri Vasili Xamaza məlumat verib. 

O bildirib ki, müştərilərin maliyyə vəziyyətinin pisləşməsinə və kreditləşmədə məhdudiyyətlərə baxmayaraq, bankın filialları əvvəlki illərlə müqayisədə gözəçarpan dərəcədə effektiv fəaliyyət göstərib: "Proqnozlara görə, filialların 90%-dən çoxu gəlir üzrə illik tapşırıqlarını artıqlaması ilə icra edib".

V.Xamazanın sözlərinə görə, növbəti ildə də bank filial şəbəkəsini genişləndirəcək: "Bu il 8 saylı “İpoteka” filialımız yeni, daha müasir məkana köçüb. 3 saylı filialın da bu ay ərzində yeni, daha geniş məkana köçürülməsi gözlənilir. Növbəti ildə Bakıda minimum bir yeni filialın açılması və 10 saylı filialın əməkdaşlarının əmək qabiliyyətinin yaxşılaşdırılması üçün daha rahat ofisə köçürülməsi planlaşdırılır".

Sədr bildirib ki, növbəti ildə bu sahədə dünyada tanınmış şirkətlərdən biri ilə Bankın 3 illik strateji inkişaf planının hazırlanması nəzərdə tutulub.

"Hesab edirik ki, bu gün əsas inkişaf istiqamətləri innovasiya, texnologiya və xidmətlərin keyfiyyəti ilə bağlıdır. Hazırda bizim üçün əsas prioritet – ölkə əhalisi üçün ən yaxşı internet və mobil bankçılıq sistemlərini həyata keçirməkdir. Və artıq cari ildə bunun həyata keçirilməsi mümkün olacaq", - deyə Bankın rəhbəri vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi