​Neftin qiyməti yenidən 50 dolları keçib

​Neftin qiyməti yenidən 50 dolları keçib "Report": Bu qiymət artımı müvəqqətidir
Maliyyə
20 İyun , 2016 13:52
​Neftin qiyməti yenidən 50 dolları keçib

Bakı. 20 iyun. REPORT.AZ/ Qlobal valyuta bazarında ABŞ dollarının mövqelərinin zəifləməsi fonunda birjalarda "Brent" markali neftin qiyməti yüksələrək yenidən 50 dollar/barel psixoloji həddi keçib və artıq 50,10 dollar/barelə çatıb. "Report" xəbər verir ki, neft iyunun 6-da son 8 ayın maksimal həddinə (52,86 dollar/barel) yüksəldikdən sonra "Brexit" təhlükəsinin qlobal maliyyə bazarına yayılması ilə iyunun 13-dək 11,2% ucuzlaşaraq 46,94 dollar/barelə qədər enib. Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması ilə bağlı referendumu yaxınlaşdıqca dünyanın bir çox maliyyə aktivi dəyərdən düşür. Lakin İngiltərədə "Brexit" əleyhinə olan deputat Co Koksun (Jo Cox) öldürülməsi ölkənin Aİ-də qalması ehtimallarını artırıb. Bu səbəbdən cümə günü, iyunun 17-də neft və digər maliyyə aktivləri bahalaşmağa başlayıb.

"Report"un analitik qrupu hesab edir ki, neftin bahalaşması prosesi uzun sürməyəcək. Xatırladaq ki, iyunun 17-də ABŞ-da neft-qaz buruqlarının sayı ilə bağlı "Baker Hughes" şirkəti tərəfindən növbəti həftəlik hesabat açıqlanıb. Hesabata əsasən, neft buruqlarının sayı 9 ədəd və ya 2,7% artaraq 337, aktiv qaz quyularının sayı isə 1 ədəd və ya 1,2% artaraq 86-ya çatıb. Yaxın gələcəkdə neft quyularının aktivləşməsi hasilatın artmasına, bu da öz növbəsində neft qiymətlərinin düşməsinə gətirib çıxaracaq. Hazırda neftin qiymətinin müvəqqəti artmasına səbəb investor-spekulyatorların "Brexit"in baş tutmamasını ehtimal edərək, qızıldan başqa əksər maliyyə aktivlərində alıcı mövqeyi tutmasından irəli gəlir. 

Son xəbərlər

Orphus sistemi