Yuxarı
    Bağlamaq

    "Moody's" Rusiya banklarının aktivlərinin keyfiyyətinin yaxşılaşacağını proqnozlaşdırır

    Fitch isə Rusiyada problemli kreditlərin pik səviyyəsini hələ keçilmədiyini bildirir

    Bakı. 13 sentyabr. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyi Rusiya banklarının aktivlərinin keyfiyyətinin pisləşməsi prosesinin son mərhələsinə daxil olunduğunu, 2017-ci ildən etibarən onların keyfiyyətinin yaxşılaşacağını bildirib. "Report"un "RBC" agentliyinə istinadən verdiyi xəbərə görə, "Moody's"in hesabatında buna səbəb olaraq 2017-ci ildən etibarən Rusiya iqtisadiyyatının durğunluqdan çıxması göstərilib. Hesabatda həmçinin bildirilir ki, hazırda banklarda aktivlərin keyfiyyətinin pisləşməsi tempi səngiyib. Agentliyin analitikləri bunu, Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) hesabatlarına istinadən bildiriblər. Belə ki, 2016-cı ilin ilk yarısında bankların problemli korporativ kreditlərinin artım tempi böhrandan əvvəlki səviyyəyə qayıdıb.

    Agentlikdə hesab edirlər ki, Rusiya bankları artıq problemli korporativ müştərilərini müəyyənləşdirib. Buna görə də cari vəziyyətdə banklar yeni problemli kreditlərin yaranacağını gözləmir. Agentlik 2017-ci ildə Rusiyada ÜDM-in 1,5% artım gösətərəciyini ehtimal edərək bildirirlər ki, bunun nəticəsində korporativ müştərilərin maliyyə vəziyyəti yaxşılaşacaq.

    Milli Reytinq Agentliyinin analitiki Karina Artemyevaya görə, bankların korporativ və pərakəndə kredit portfellərində problemlər azalmağa başlayıb: "Banklar böhran başlayanda korporativ müştərilərə qarşı sərt davranaraq, maaş alan müştərilərlə işləməyə başlayıb. Böhran zamanı banklar korporativ müştərilərin girovları ilə aktiv işləyərək hazırda problemli kreditlərə ayrılan ehtiyatların həcminin xeyli azalmasına müvəffəq olub. Bu da vəziyyətin tədricən bərpa olunduğunu göstərir".

    "Fitch" beynəlxalq reytinq agentliyinin analitiki Aleksandr Danilov isə hesab edir ki, problemli kreditlərin artım tempinin səngiməsi vəziyyətin kökündən həll olunduğunu əks etdirmir: "Bununla problemli kreditlərin həcmi azalmır. Nəzərə almaq lazımdır ki, 2015-ci ildə banklara kreditləri restrukturizasiya etmək imkanı yaradıldığından potensial problemli kreditlərin ehtiyatlar ayrılmadan statusu dəyişdirilib. Nəticədə, problemlərin sadəcə olaraq vaxtı uzadılıb". Agentlik problemli kreditlərin həcminin hələ pik nöqtəsini keçmədiyini bildirib.

    Xatırladaq ki, Azərbaycanda problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi avqustun 1-nə 9% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi