“Moody’s”: Azərbaycan bank sektoru əvvəlkinə nisbətən daha dayanıqlıdır

“Moody’s”: Azərbaycan bank sektoru əvvəlkinə nisbətən daha dayanıqlıdır MDB-nin neft istehsalçısı ölkələrinin - Azərbaycan, Qazaxıstan və Rusiyanın bank sektoru neftin kəskin ucuzlaşmasına qarşı 2014-2015-ci illərin böhranındakına nisbətən daha dayanıqlıdır.
Maliyyə
19 Mart , 2020 17:01
“Moody’s”: Azərbaycan bank sektoru əvvəlkinə nisbətən daha dayanıqlıdır

MDB-nin neft istehsalçısı ölkələrinin - Azərbaycan, Qazaxıstan və Rusiyanın bank sektoru neftin kəskin ucuzlaşmasına qarşı 2014-2015-ci illərin böhranındakına nisbətən daha dayanıqlıdır.

“Report” xəbər verir ki, bu barədə “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin bu gün dərc olunmuş hesabatında bildirilir.

“2014-2015-ci illərin böhranından sonra tənzimləmənin sərtləşməsi, habelə banklar və kredit təşkilatları tərəfindən risq idarəçiliyinin təkmilləşdirilməsi likvidliyin artmasına, kapital yastıqlarının yaranmasına, banklarda dollarlaşmanın azalmasına, onların neft qiymətlərindəki kəskin dəyişikliklərə daha dayanıqlı olmasına gətirib çıxarıb”, - deyə sənəddə göstərilir.

Hesabat müəlliflərinə görə, adıçəkilən ölkələrin maliyyə tənzimləməsi qurumları tərəfindən 2020-ci ildə dünya bazarlarındakı vəziyyətlə bağlı görülən tədbirlər 2014-2015-ci illərdəki tədbirlərə nisbətən daha yumşaqdır: “Yəni vəziyyət daha da pisləşsə, üç ölkənin hökumətləri tərəfindən əngəlləməkdən tutmuş açıq dəstəyədək daha çox tədbirlər görülə bilər”.

Agentliyin rəyincə, üç adıçəkilən ölkə arasında Azərbaycan iqtisadiyyatı ABŞ dollarından daha çox asılıdır. Belə ki, qalan iki ölkədə bank kreditlərinin 17 faizi xarici valyutada verilirsə, Azərbaycanda bu göstərici 35 faizdir.

“Bununla belə, hər üç ölkənin bank sektorunda dollarlaşma səviyyəsi 2014-cü ildən sonra xeyli azalıb. Bu, qismən xarici valyutada verilən kreditlərlə bağlı risqləri azaltmağa yönələn tənzimləmə tədbirləri sayəsində mümkün oldu”, - deyə qeyd olunan sənədə görə, sözügedən üç ölkədə ABŞ dolları ilə verilən kreditlərin xüsusi çəkisinə görə 76 faizlik göstəriciyə malik “Xalq Bank” birinci yerdədir: “Buna baxmayaraq “Xalq Bank” iri həcmdə kapital yastığına malikdir, həm də birinci səviyyəli kapital əmsalı normativ səviyyəsindən 14 faiz bəndi yüksəkdir”.

Son xəbərlər

Orphus sistemi